Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov: “Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı əsas fərziyə qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasıdır”

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov: “Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı əsas fərziyə qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasıdır”
# 21 iyul 2012 15:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Hadisə yerinə müfəssəl baxış keçirilərək müəyyən edilib ki, yanğın Mərkəzin muzey korpusunun tavan hissəsini əhatə edib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən elektrik qaynağı aparatı, üzərində qaynaq işləri aparılmış metal hissələr götürülüb”. APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində bu açıqlamanı jurnalistlərə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.

Onun sözlərinə görə, ötən gün Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsi ilə bağlı Baş prokurorun tapşırığına əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəhbəri, müstəntiqləri, Kriminalistika şöbəsinin prokurorları və mütəxəssisi müasir kriminalistik avadanlıqlarla təchiz edilmiş səyyar kriminalistika laboratoriyası ilə birlikdə yanğının baş verdiyi əraziyə gələrək hadisə yerinə baxış keçiriblər. Baxışa Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və mütəxəssisləri cəlb olunub.

“Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Baş prokurorun göstərişinə əsasən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Məhkəmə-yanğın-texniki, Tikinti-texniki, Fiziki-kimyəvi və Trasoloji ekspertizalar təyin edilib. Eyni zamanda yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun, Fövqəladə Hallar, Milli Təhlükəsizlik və Ədliyyə nazirlərinin 20 iyul 2012-ci il tarixli birgə əmri ilə həmin qurumların mütəxəssislərindən və təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Baş prokurorun eyni tarixli qərarı ilə cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb”.

Jurnalistlərin suallarını cavablandıran Eldar Sultanov yanğının baş verməsi ilə bağlı əsas fərziyənin qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması olduğunu deyib: “Eyni zamanda digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq. Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən Mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir”.

Eldar Sultanov hadisə zamanı hər hansı bir şəxsin, o cümlədən yanğınsöndürənlər, binanın mühafizə işçiləri və təmir işləri aparan mütəxəssislərdən heç birinin xəsarət almadığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR