Yardımlıda “Niva” evə çırpılıb, iki qardaş ölüb, daha bir nəfər ağır yaralanıb

Yardımlıda “Niva” evə çırpılıb, iki qardaş ölüb, daha bir nəfər ağır yaralanıb
# 10 iyul 2012 06:29 (UTC +04:00)
Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 9-da saat 18.50 radələrində rayonun Bozayran kəndi ərazisində qeydə alınıb.

Bozayran kənd sakini, 1980-ci il təvəllüdlü Əlisahib İman oğlu Quliyevin idarə etdiyi "Niva" markalı, 50 BC 800 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında yerləşən, kənd sakini Qocaxan Mayılxan oğlu Eyvazova məxsus, ümumi sahəsi 55 kv.m olan bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə çırpılıb.

Güclü zərbənin təsirindən avtomobil alışıb və yanğın yaşayış evinə keçib. Qəza yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin səyləri nəticəsində aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişmiş "Niva"nın sürücüsü Ə. Quliyevin və avtomobilin sərnişini olan qardaşı, 1972-ci il təvəllüdlü İlkin İman oğlu Quliyevin meyitləri, eləcə də ağır bədən xəsarəti almış digər sərnişin, 2003-cü il təvəllüdlü Ayxan Rizvan oğlu Quliyev avtomobildən çıxarılaraq təcili yardım maşınında Yardımlı Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Yanğın nəticəsində həmçinin Q. Eyvazovun evinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırmalara başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR