Hacıqabul rayonunun Rəncbər kəndində qaz borcu problemi yaranıb - FOTO

Hacıqabul rayonunun Rəncbər kəndində qaz borcu problemi yaranıb - <font color=red>FOTO</font>
# 07 iyun 2012 15:22 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunun Rəncbər kənd sakinləri onlara əsassız qaz borclarının yazıldığını iddia edirlər.

Kənd sakinlərinin APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, 2011-ci ilin yanvar ayında kənddə 500-dən çox evə smart-kart tipli sayğac quraşdırılıb. Sayğaclar quraşdırılarkən bütün sakinlərə bildirilib ki, onların borcu yoxdur. Bir çox sakinlər hər ay ödədikləri məbləğin qəbzlərini göstərsə də, əksər sakinlər qəbzləri saxlamayıb. Amma borclarını ödəmiş və borclarının olmadığını qəbzlərlə sübut edən sakinlərə, hətta yeni tikilmiş və qaz xətti olmayan bir neçə evə də debitor borc yazılıb. Bir ildən çox müddətdə borcları haqqında məlumatı olmayan sakinlərə nədənsə indi xəbər verilib ki, onların borcları var. Çünki smart-kartlar terminallarda yükləndikdən sonra məbləğin 30%-i sayğac tərəfindən silinir. Sakinlər isə bu borcların əsassız olduğunu iddia edirlər.

Kənd sakinləri hesab edir ki, Hacıqabul rayon Qaz İstismar İdarəsinin hərəkətlərində qanunsuzluq var. Onlar baş vermiş olayla əlaqədar prezidentə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət imzalayıblar. Daha sonra məhkəməyə iddia ilə müraciət etməyə hazırlaşırlar.

Hacıqabul rayon Qaz İstismar İdarəsinin rəisi Elşən Rəhimov isə sakinlərin iradlarını qəbul etmir. O bildirib ki, 2009-cu ildə ölkə prezidentinin sərəncamı ilə əhalinin qaz borcları silinib. 11 aydan sonra isə Rəncbər kəndinə smart-kart sayğaclar quraşdırılıb: “Arada yaranmış 11 ay ərzində köhnə sayğacların üzərində olan borc göstəriciləri sakinlərin imza etdiyi aktlarda qeyd olunub və həmin aktlarda olan göstəricilər də kompyuterin bazasına borc kimi işlənib. Buna baxmayaraq, tərəfimizdən 7 nəfərdən ibarət komissiya yaradılıb. Komissiyanın araşdırmaları nəticəsində hər hansı nöqsan üzə çıxarsa, dərhal aradan qaldırılacaq. Digər tərəfdən, kənd üzrə cəmi 123 nəfərə borc yazılıb. Bu borclar arasında maksimum borc 178 manatdır, bir çox insanların hətta 1-3 manat borcları da kompyuter bazasının yaddaşına qeyd olunub. Borclar isə vətəndaşların smart-kartlarından tədricən hər yükləmə prosesində məbləğin 30%-i həcmində silinəcək. Sakinlərdən xahiş olunur ki, adı çəkilən komissiyaya müraciət etsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR