DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfərə çatıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfərə çatıb
# 26 aprel 2012 10:09 (UTC +04:00)
Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı bu il aprelin 1-i tarixinə olan statistikaya əsasən 12 297 nəfər təşkil edir.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir.

Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən çoxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 7 149 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1 483 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 653 nəfər təşkil edir.

Sonrakı yerlərdə İran İslam Respublikası (412), Hindistan (279), Çin Xalq Respublikası (251), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (152), Özbəkistan (148), Bosniya və Herseqovina (128), Pakistan İslam Respublikası (107), Almaniya (101), Ukrayna (100), Filippin (99), Türkmənistan (83), Malayziya (80), İtaliya (73), Qazaxıstan (71), ABŞ (67) və s. ölkələr gəlir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR