Azərbaycanın İctimai Televiziyasının yaranmasından 7 il keçir

Azərbaycanın İctimai Televiziyasının yaranmasından 7 il keçir
# 29 avqust 2012 12:01 (UTC +04:00)
2005-ci il avqustun 29-da proqramlarının yayımına başlayan İctimai Televiziya, hazırda efir məkanında tam fərqli proqram siyasətinə malikdir.

APA-nın məlumatına görə, İTV-də sosial, iqtisadi, siyasi əhəmiyyətli problemlərin daha çox müzakirə olunduğu tok-şoular, auditoriyanın maraqlarına cavab verən maarifləndirici proqramlar üstünlük təşkil edir. İctimai Televiziya və Radio 24 saat ərzində Türksat və Hotbird peykləri vasitəsilə dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yayımlanır.

Şirkət fəaliyyət göstərdiyi müddətdə bir çox uğurlara imza atıb: İctimai Televiziya fəaliyyətinin 2-ci ilində, 2007-ci ildə Avropa Yayımları Birliyinin tamhüquqlu üzvü olub. Bununla da ölkəmizin ictimai yayımçısı beynəlxalq televiziya şəbəkəsində öz layiqli yerini tutub. Bu təşkilata üzvlüyünün 3-cü ilində İctimai Teleradio dünyanın 57 ölkəsinin 77 teleradio qurumunun rəhbərlərinin iştirakı ilə Avropa Yayımları Birliyinin Baş Assambleyasının 2010-cu il yay sessiyasına MDB ölkələri sırasında ilk dəfə ev sahibliyi edib.

İctimai Televiziya bu gün dünyadakı nəhəng telekorporasiyaların bölgədəki etibarlı partnyorudur. Televiziya “Euronews” kanalı ilə əməkdaşlıq haqqında müqaviləyə imza atıb. Bu müqaviləyə əsasən, İctimai Televiziya dünyanın aparıcı xəbər kanalının regionda əsas tərəfdaşıdır. İctimai Televiziya Macarıstan, Türkiyə, Polşa, Koreya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq edir, telekörpülər vasitəsilə xalqların, mədəniyyətlərin yaxınlaşmasına xidmət edir.

Avropa Yayımları Birliyinə qəbul olmaqla İctimai Televiziya bütün dünyanın ən böyük musiqi yarışması sayılan “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycana iştirak hüququ qazandırıb. İctimai Teleradio “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan üzrə təşkilatçı kimi 2008-ci ildən iştirak edir. Azərbaycan Almaniyada keçirilən “Eurovision-2011” Mahnı Müsabiqəsində birincilik qazanıb. Bu il isə “Eurovision-2012” Azərbaycanda yüksək səviyyədə keçirilib.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkədə siyasi proseslərin əsas yayımçısı İctimai Teleradiodur. İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısıdır. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “World Music Awards”, Olimpiada oyunları kimi bütün dünyada izlənən böyük layihələri Azərbaycan auditoriyasına məhz İctimai Televiziya təqdim edir.

Şirkət həcminə və texniki göstəricilərinə görə, regionda müasir studiyalara sahibdir, müasir tələblərə cavab verən Səyyar Televiziya Stansiyaları, maddi-texniki bazası var. İctimai Televiziyanın “Carçı-Film” yaradıcılıq birliyi 100-dən çox bədii və sənədli film istehsal edib.

APA Group” İctimai Televiziyadakı həmkarlarını bu bayram münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR