Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar məktəbinin icraçı direktoru və bir qrup nümayəndəsi Azərbaycanda səfərdə olacaq

Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar məktəbinin icraçı direktoru və bir qrup nümayəndəsi Azərbaycanda səfərdə olacaq
# 10 avqust 2012 07:19 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dəvəti və Avrasiya Dialoq Mərkəzinin təşkilatçılığı ilə Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar məktəbinin icraçı direktoru, Müdafiə Layihəsinin rəhbəri, professor Mohamed Mattar və bir qrup nümayəndəsi Azərbaycanda səfərdə olacaqlar.
APA-nın məlumata görə, Mohamed Mattar Con Hopkins Universiteti ilə yanaşı George Vaşınqton Universiteti, Amerika Universitetinin Vaşınqton Hüquq Kolleci, İndiana Universitetində beynəlxalq hüquq üzrə professoru, o cümlədən Beyrut Universitetinin Korperativ Sosial Məsuliyyət Məktəbinin təsisçilərindəndir. BMT-nın İnsan Alverinə qarşı nümunəvi qanunvericilik toplusunun və Parlamentlərarası İnsan Alverinə qarşı qanunvericilik kitabının həmmüəlliflərindən biridir.

Dünya Bankının Türkiyə, Mərakeş, Filippin və Boliviyada qanunvericilik islahatlarının aparılması üzrə müşavir, İsgəndəriyyə Kitabxanasının Ərəb ölkələrində islahat konsepsiyası üzrə müşavir, Abu Dabi Azad İqtisadi zonanın yaradılması və Ərəb Milli Bankının baş məsləhətçisi vəzifələrində çalışıb. Qətər Fondunun Liderlik mükafat komissiyasının üzvüdür.

Azərbaycana səfər zamanı Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq memorandumunun imzalanması, Azərbaycan Respublikası Təhsil Nazirliyində, Diasporla İş üzrə Dövlət Komitəsində və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüşlərin keçirilməsi planlaşdırılır.

O cümlədən Avrasiya Dialoq Mərkəzinin Himayədarlar Şurasının ilk iclasında iştirakı nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR