Çempionlar Liqasının yarımfinalçıları müəyyənləşib

Çempionlar Liqasının yarımfinalçıları müəyyənləşib
# 05 aprel 2012 08:06 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, baş tutan daha 2 qarşılaşmadan sonra yarımfinalda oynayacaq bütün komandalar, eləcə də, cütlüklər bəlli olub.

Belə ki, “Barselona” (İspaniya) və “Bavariya”nın (Almaniya) ardınca, İspaniyanın digər təmsilçisi “Real”la “Çelsi” (İngiltərə) də “Alyans Arena”dakı final uğrunda mübarizə aparacaqlar.

Madridlilər ötən həftə Nikosiyada olduğu kimi, APOEL-i yenə darmadağın ediblər. Öz meydanında qapısından 3 cavabsız top buraxan Kipr təmsilçisi bu dəfə 2 qol vursa da, əvəzində 5 dəfə cəzalanıb.

“Benfika”nı səfərdə minimal hesabla yenməklə müəyyən üstünlük qazanan “Çelsi” Londonda da qələbə qazanıb. Düzdü, bu qələbə “zadəganlar”a heç də asan başa gəlməyib. 21-ci dəqiqə məğlub duruma düşən portuqaliyalılar daha bir zərbəni ilk yarının sonlarında alıblar.

40-cı dəqiqədən azlıqda qalan “Benfika” final fitinə 5 dəqiqə qalmış bərabərlik qolunu vurmağı bacarıb. Amma son saniyələrdə “Çelsi” vurduğu qolla qələbəni bayram edib.

Beləliklə, yarımfinalda “Barselona” “Çelsi” ilə, “Real” isə “Bavariya” ilə qarşılaşacaq.

4 aprel

“Çelsi” (İngiltərə) – “Benfika” (Portuqaliya) - 2:1
Lempard, 21 (penaltidən); Meyreleş, 90 - Xavi Qarsiya, 85
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 1:0

“Real” (İspaniya) – APOEL (Kipr) - 5:2
Ronaldo, 26; 75; Kaka, 37; Kallexon, 80; Anhel di Maria, 84 - Qustavo Mandula, 67; Esteban Solari, 82 (penaltidən)
Baş hakim: Canluka Roççi (İtaliya)
İlk oyun – 3:0
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR