Türkiyədə turistlərin ən çox ziyarət etdiyi yerlər müəyyənləşib

Türkiyədə turistlərin ən çox ziyarət etdiyi yerlər müəyyənləşib
# 14 aprel 2012 15:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyədə ölkəyə gələn turistlərin ən çox ziyarət etdiyi yerlərin siyahısı açıqlanıb. “APA-Economics”in Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, 2011-ci ildə Türkiyəyə gələn turistlərin ən çox ziyarət etdiyi yer İstanbuldakı məşhur Topqapı Sarayı Muzeyi olub. Topqapını ötən il 3,7 milyon turist ziyarət edib.

Əcnəbilərin Türkiyədə ən çox ziyarət etdiyi məkanlardan biri də Ayasofya muzeyi olub. Xristianlığın ən önəmli memarlıq abidələrindən biri, Bizans dövründə Müqəddəs Sofiya kilsəsi olmuş Ayasofyanı 3,1 milyon turist ziyarət edib.

Siyahıda üçüncü yerdə 2 milyon əcnəbi ziyarətçini qəbul etmiş İzmirdəki Efes xarabalığı yer alıb.

Türkiyə ötən il Topqapı Muzeyindən 31,6 milyon dollar, Ayasofyadan 27,1 milyon dollar, Efesdən isə 17,5 milyon dollar gəlir əldə edib.

Ən çox turist qəbul edən yerlərin siyahısında dördüncü yerdə Konyada yerləşən Mövlanə muzeyi (1,7 milyon turist), beşinci yerdə isə Dənizli ərazisindəki İerapolis antik şəhəri (1,6 milyon turist) qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR