«PAŞA Sığorta» şirkəti nizamnamə kapitalını artırıb

«PAŞA Sığorta» şirkəti nizamnamə kapitalını artırıb
# 05 aprel 2012 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «PAŞA Sığorta» ASC-nin İdarə Heyəti şirkətin nizamnamə kapitalının 35 mln. manata qədər artırılması prosedurasını başa çatdırıb və bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətini və şirkətin Direktorlar Şurasını xəbərdar edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması şirkətin 2011-ci ildə əldə etdiyi mənfəətin kapitala reinvestisiyası və səhmdarlar tərəfindən əlavə investisiyalar hesabına həyata keçirilib.

«Sığortaçıların adekvat kapitallaşması müasir qərb sığorta məhsullarının Azərbaycan bazarına uğurlu inteqrasiyasının və ölkənin sığorta sektorunda sabitliyin təmin edilməsinin ən vacib şərtlərindən biridir. «PAŞA Sığorta»nın nizamnamə kapitalının 30 mln. manatdan 35 mln. manatadək artırılması şirkətin inkişafının strateji planı çərçivəsində və sığortaçıların kapitallaşmasının artırılmasının dəstəyi üzrə dövlət siyasətinə uyğun həyata keçirilib. Kapitallaşmanın indiki artımı bizim maliyyə-texniki bazamızın güclənməsinə və sığorta və təkrarsığorta risklərinin saxlanması üzrə imkanların artmasına şərait yaradır», - deyə «PAŞA Sığorta»nın baş maliyyə direktoru Zaur Əliyev bildirib.

Qeyd edək ki, «PAŞA Holdinq» Qrupun üzvü olan «PAŞA Sığorta» şirkəti korporativ və fərdi müştərilərə 31 növ icbari və könüllü sığorta xidmətləri göstərir. Nizamnamə kapitalı 35 mln. manat və aktivlərin cari dəyəri 46 mln. manat olan şirkət Azərbaycanın sığorta və təkrarsığorta bazarının kapitallaşma və risklərin saxlanması üzrə üç lider şirkətlərin siyahısında mövqeyini daha da möhkəmləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR