Sərdar Cəlaloğlu: “Biz müxalifət olaraq iqtidara ideoloji cəbhədə də məğlub olmuşuq”

Sərdar Cəlaloğlu: “Biz müxalifət olaraq iqtidara ideoloji cəbhədə də məğlub olmuşuq”
# 06 avqust 2012 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Müxalifətin bu günə qədər sözü yaranmayıb. Sözün olmaması isə işin olmaması deməkdir”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Müxalifət liderlərini nəzəri baxımdan ideoloji təbliğata üstünlük vermədiklərini deyən S. Cəlaloğlu partiya rəhbərləri tərəfindən ortaya elmi əsərlərin qoyulmadığını da vurğulayıb: “Karl Marks və Fridrix Engels sübut edirdi ki, sosialist ədəbiyyatı yaranmadan, sosialist inqilabı mümkün deyil. Ona görə də Marks, Engels, Lenin, Trotski, Stalin və digər sosialistlər, inqilaba qədər bütün sahələrdə minlərlə kitab yazdılar. Şəxsən mənim bu istiqamətdə bir sıra kitablarım nəşr olunub və əlimdən gələni etməyə çalışıram”.

S. Cəlaloğlu qeyd edib ki, Azərbaycan cəmiyyəti üçün bu məsələ çox əhəmiyyətli olsa da, bu məqam siyasətçilərin diqqətindən qaçıb: “Elmdən kənar heç bir siyasətin mənası və xeyiri ola bilməz. AXCP sədri Əli Kərimliyə də Müsavat Partiyasının başqanı İsa Qəmbərə də dəfələrlə demişəm ki, kitab yazmasalar belə, açıqlamalarını, müsahibələrini bir yerə toplayıb, kitab şəklində nəşr etdirmək olar. Yəni, bu, dünyada qəbul olunan normadır. Liderin birinci funksiyası ideoloji işlə məşğul olmaqdır. Bizdə isə elə bilirlər ki, əsas iş piket təşkil etməkdir. Aksiya keçirmirsənsə, siyasətçi deyilsən. Azərbaycanda siyasətçilərin yanlışlıqları budur”.

S. Cəlaloğlu bu məsələdə iqtidar yetkililərinin fəaliyyətini qabardıb: “Diqqət yetirin, iqtidar mənsubları hər il öz lideri ilə bağlı mütəmadi kitablar yazır, ideoloji xətti təbliğ edən nəşrlər ortaya çıxarır. Bax, bunu bizim müxalifət anlamalıdır. Yəni müxalifətin məğlub olduğu məqamlardan biri də bununla bağlıdır. Biz ideoloji cəbhədə məğlub oluruq. Çünki müxalifət tərəfdarları kifakyət qədər siyasi-ideoloji hazırlıq keçmir. Ona görə də partiyalardan çıxanlar olur. Hətta müxalifət partiyalarından çıxanlar sakit şəkildə iqtidarın yanında yer alır və hökumətin dəstəkcisi olurlar”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, son prezident seçkilərində dövlət başçısı İlham Əliyevin vəkillərindən bir neçəsi Müsavat Partiyasının keçmiş üzvü olub: “Bunu necə izah etmək olar? Bir vaxtlar Müsavat Partiyasının siyasətini müəyyənləşdirən, sonradan digər tərəfə keçir. Eyni vəziyyət AXCP-yə də aiddir. Bu onu göstərir ki, müxalifət cəbhəsində ideoloji-siyasi iş yoxdur. Adamlar siyasi partiyalara ya liderə olan simpatiyalarına görə, ya da fərdi maraqlarını təmin etmək ümidi ilə gəlirlər. Halbuki partiyalaşma ideoloji işlə sıx bağlı olmalıdır və insanlar liderlərə onların ideyasına görə bağlanmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR