Təhsil Nazirliyi dərsliklərlə bağlı yaranmış sualları cavablandırmağa çalışıb

Təhsil Nazirliyi dərsliklərlə bağlı yaranmış sualları cavablandırmağa çalışıb
# 01 oktyabr 2012 13:27 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı verib.

Onun sözlərinə görə, valideynlər övladlarına verilən bəzi dərsliklərin köhnə olmasına, bəzən isə dərsliklərin paylanmasının gecikməsinə hövsələsizlik edib mağazalardan pulla dərslik alırlar. F. Şahbazlı deyib ki, məktəblərdə dərslik çatışmazlığı bəzi yerdəyişmələrlə bağlıdır: “Yeni məktəblərin tikintisi ilə bağlı əvvəlki məktəblərdən həmin məktəblərə gələn uşaqlar öz dərsliklərini gətirmirlər. Məktəbdən məktəbə dəyişikliklər zamanı dərsliklər əvvəlki məktəbdə qalır. İlin əvvəlidir, təbii ki, yerdəyişmələr və sairlə bağlı problemlər çıxır. Amma həmin problemlər həll edilir”.

F. Şahbazlı qeyd edib ki, məktəb direktorlarına dərslik çatışmazlığı ilə bağlı nazirliyə məlumat vermələri tapşırılıb: “Biz tövsiyə etmişik ki, məktəb direktorları dərslik çatışmazlığı ilə bağlı bizə məlumat versinlər. Bakı şəhəri üzrə məktəblərin direktorları Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edirlər, onlar bu haqda bizə məlumat verir və problemi həll edirik. Ötən həftənin cümə günü Bakı üzrə paylanılması nəzərdə tutulan xeyli kitab vermişik. Bölgələr üzrə isə məktəb direktorları nazirliyə müraciət edirlər. Belə müraciətlər var və biz o müraciətlər üzrə dərslikləri yerlərə göndəririk”.

Şöbə müdiri məktəblərdə pulsuz paylanılması nəzərdə tutulan kitabların mağazalarda satılması məsələsinə də münasibət bildirib. O, bildirib ki, belə dərsliklərin mağazalarda satılmasına Təhsil Nazirliyi nəzarət etmir: “Çoxlu sayda abituriyentlər qəbul imtahanlarına hazırlıqla bağlı, pedaqoji məktəb tələbələri təcrübədə istifadə üçün əvvəlki siniflərin dərsliklərini alır. Müəllimlər, peşə məktəblərinin, kolleclərin yuxarı sinif şagirdləri, orta ixtisas məktəblərinin tələbələri dərslikləri bizdən almırlar. Onlar dərslikləri bazardan alırlar və buna görə də onların satışı normaldır”.

F. Şahbazlı bu il I siniflər üçün tədris planından çıxarılan iş dəftərlərinin nəşrinin bərpasına da aydınlıq gətirib. O deyib ki, həmin vəsaitlər mətbəə və poliqrafiya müəssisələri tərəfindən hazırlanıb və öz vəsaitləri hesabına çap edilib: “Mətbəə və poliqrafiya müəssisələri iş dəftərlərini satışa buraxıblar. Şagirdlərə heç kəs deməyəcək və məcbur etməyəcək ki, həmin iş dəftərlərini alsınlar. Amma istəsələr ala bilərlər. Məktəbin müəllimi təklif etsə ki, belə bir vəsait var, valideyn də görsə ki, bu onların uşağına fayda verə bilər, gedib digər resurslar kimi onu alır. Biz buna qadağa qoya bilmərik”. Nazirlik sözçüsü paytaxt məktəblərinin I siniflərində yaranan dərslik çatışmazlığının da həll edilməyə başlandığını deyib.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, bütün məktəblərin şagirdləri dərsliklərlə təmin olunacaq: “Yetər ki, məktəblərin direktorları çatışmayan dərsliklərlə bağlı bizə məlumat versin. Bu çatışmayan dərslikləri nazirliyə sifariş edib yerlərə çatdırmağımıza kifayət edir”. Pulsuz verilməsi nəzərdə tutulan dərsliklərin satışına da münasibət bildirən sektor müdiri deyib ki, burada qeyri-adi heç nə yoxdur: “Mətbəələrə belə bir hüquq verilib ki, onlar dərslikləri satışa buraxsınlar. Çünki, elə valideynlər var ki, övladlarına iki dərslik alır. Bir dərsliyi evdə saxlayır, digərini isə çantaya qoyaraq məktəbə göndərir”. Z. Əliqızı qeyd edib ki, dərslik çatışmazlığı ilə bağlı problem qısa bir zamanda həll ediləcək: “Bütün şagirdlərə dərsliklər pulsuz veriləcək və heç kəs dərsliksiz qalmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR