Teymur Rəcəbov reytinq siyahısında rekord müəyyənləşdirib

Teymur Rəcəbov reytinq siyahısında rekord müəyyənləşdirib
# 02 oktyabr 2012 09:07 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclü 100 kişi, qadın, gənc və qız şahmatçılarının siyahısında 8 həmyerlimiz yer alıb.

Kişi qrossmeysterinin siyahısına 2843 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Onu 2821 xalla ermənistanlı Levon Aronyanla 2795 xala malik rusiyalı Vladimir Kramnik izləyir.

İlk “onluq”da Azərbaycan millisinin 1 üzvü yer alıb. Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur Rəcəbov 2792 xalla dünya 4-cüsüdür. Ardıcıl 4 aydır bu mövqedə möhkəmlənən şahmatçımız xal hesabında yeni Azərbaycan rekordu müəyyənləşdirib. Belə ki, ötən aylarla müqayisədə hesabına 4 xal əlavə edən Rəcəbovun yığdığı 2792 xal ölkəmiz üçün mütləq rekorddur.

100 ən yaxşı arasında daha 2 şahmatçımız qərarlaşıb. 2748 xalı olan Şəhriyar Məmmədyarov 14-cü, ondan 11 xal geridə olan Vüqar Həşimov 17-ci pillədədir.

Qadınların reytinqində təmsilçilərimiz “100-lüy”ə daxil olmayıb. Əvəzində gənclərin reytinqində 3 şahmatçımız siyahıda yer alıb. Eltac Səfərli (2616) 11-ci, Vasif Durarbəyli (2584) 20-ci, Nicat Abbasov (2461) 89-cu sıradadır. Qızların reytinqində Xəyalə Abdulla 2223 xalla 46-cı, Nərmin Kazımova 2209 xalla 54-cüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR