Azərbaycan kənd təsərrüfatı sahəsində Argentina ilə əlaqələri gücləndirir - FOTO

Azərbaycan kənd təsərrüfatı sahəsində Argentina ilə əlaqələri gücləndirir - <font color=red>FOTO</font>
# 13 sentyabr 2012 15:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanla Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı bu gün kənd təsərrüfatı naziri İsmət Abasovla Argentina Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Jorge Roballonun görüşündə müzakirə edilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla Argentina arasında dostluq əlaqələrinə toxunan İ.Abasov bildirib ki, iki ölkə arasında əməkdaşlığın vəziyyəti iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də dostluq və xoş münasibətlərin mövcudluğu ilə səciyyələnir. Hər iki ölkənin iqtisadiyyatında kənd təsərrüfatı sektorunun əhəmiyyətini, bu sahədə mövcud olan potensialı və geniş əməkdaşlıq imkanlarını nəzərə alaraq, eləcə də bu sahədə əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə 2011-ci ilin sentyabrında Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Argentinanın Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazir qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı və ərzaq məhsullarının müəyyən həcmdə ticarət dövriyyəsi olsa da, ümumilikdə ticarət əlaqələri mövcud potensialdan aşağıdır. Belə ki, 2011-ci ildə Azərbaycana Argentinadan 16 mln. 915 min ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən heyvan və bitki mənşəli piy və yağlar, heyvan yemləri, yağlı toxumlar və meyvələr, qoz-fındıq, süd məhsulları və digər məhsullar idxal olunub, Azərbaycandan Argentinaya 1500 ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac olunub. 2012-ci ilin yanvar-iyun aylarında isə Azərbaycana Argentinadan 6 mln. 16 min dollar dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən süd məhsulları, quş yumurtası, təbii bal, heyvanlar üçün hazır yemlər, heyvan və bitki mənşəli piy və yağlar, yağlı toxumlar, meyvələr və digər məhsullar idxal olunub.

Nazir İsmət Abasov iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə təkliflərini nəzərə çatdırıb. Belə ki, iki ölkənin nazirlikləri arasındakı anlaşma memorandumuna əsasən əməkdaşlığın sürətləndirilməsi məqsədilə Birgə Əməkdaşlıq Proqramının tərtib olunması nəzərdə tutulur və bu istiqamətdə əməkdaşlıq sahələri üzrə aidiyyəti ekspertlərin qarşılıqlı səfərlərinin və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.

Bundan başqa, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması məqsədilə heyvan və bitki mənşəli məhsulların ticarətinin asanlaşdırılması istiqamətində tədbirlərin görülməsi, fitosanitariya və baytarlıq sertifikatlarının mübadiləsi və qarşılıqlı tanınmasına nail olunması vacib hesab olunub. Digər təklif bu sahədə uzunmüddətli əməkdaşlığın bazasının yaradılması üçün baytarlıq və fitosanitariya sahələrində sazişlərin hazırlanmasıdır. Səfir Jorge Roballo fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə öz səylərini əsirgəməyəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR