Azərbaycan atıcıları Qəbələdə keçirilən beynəlxalq yarışı ikinci yerdə başa vurublar

Azərbaycan atıcıları Qəbələdə keçirilən beynəlxalq yarışı ikinci yerdə başa vurublar
# 13 may 2016 16:54 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-Pri yarışları başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışın sonuncu günü gənclər və kişilər arasında atıcılığın dairəvi stend növü üzrə qaliblər məlum olub.

Mayın 13-də keçirilən final yarışlarında Azərbaycanın gənc idmançıları qızıl və gümüş medal qazanıblar. Bakı təmsilçisi Niyaz Ağazadə birinci, “Qəbələ” Atıcılıq Klubunun idmançısı Erik Dençari ikinci yeri tutub. Kişilərin yarışında isə Rusiya idmançısı Valeriy Şomin qızıl medal qazanıb. Yarışda II-IV yerlərə də Rusiya idmançıları çıxıb. Beşinci yeri isə “Qəbələ” Atıcılıq Klubunun idmançısı Emin Cəfərov tutub. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Ülviyyə Hacıyeva təqdim edib.

Yeddi gün davam edən Qəbələ III Beynəlxalq Qran-Pri yarışlarında qazanılan medalların sayına görə ümumi komanda hesabında Rusiya idmançıları birinci, Azərbaycan atıcıları ikinci yeri tutublar.

Azərbaycanı bu mötəbər yarışlarda 26 nəfər təmsil edib ki, onlardan 2-si qızıl, 3-ü gümüş və 2-si bürünc medal qazanıb. Azərbaycanı bu yarışda uğurla təmsil edən Nurlana Cəfərova, Erik Dençari, Əlimirzə Quliyev, İsmət Sərkərov, Sevda Mustafazadə və Mirmömin Ağazadə medal qazanıb. Yarışda yığma komandamızın üzvləri arasında əsas mükafatları “Qəbələ” Atıcılıq Klubunun idmançıları əldə edib.

Yarışın bağlanış mərasimində qeyd olunub ki, “Qəbələ” Atıcılıq Klubu bu cür mötəbər yarışları təşkil etməklə yanaşı ölkəmizin milli yığma komandası üçün peşəkar gənc atıcıların yetişdirilməsi işində də mühüm rol oynayır.

Qeyd edək ki, “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən bu Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışıblar. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq 2014-cü ildən başlayaraq ənənəvi olaraq hər il keçirilən bu yarış Avropa və Dünya çempionatlarından sonra ən mühüm yarışlar sırasındadır. Qəbələ III Beynəlxalq Qran-Pri yarışlarında bu il Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmış dünyanın tanınmış idmançıları da iştirak edib. Bu yarış onlar üçün həm də Olimpiada ərəfəsində bir daha sınaq yarışları hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR