Mübariz Qurbanlı: “Biz əvvəlcə azərbaycançı, sonra ümmətçiyik”

Mübariz Qurbanlı: “Biz əvvəlcə azərbaycançı, sonra ümmətçiyik”
# 17 dekabr 2015 13:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dinlərdən siyasi məqsədlər üçün istifadə edildikdə, radikal cərəyanlar yaranır”.

APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövləti Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil olunan “Gənclər dini radikalizm və ekstremizmə yox deyir” mövzusunda konfransda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib.

M. Qurbanlı Azərbaycanda dini icmalar arasında ziddiyyətlər olmadığını vurğulayıb. O qeyd edib ki, ölkədə əhalinin 96 faizi müsəlman olsa da, heç də hamı islamın vacib şərtlərini yerinə yetirmir: “Bu şərtləri yerinə yetirmək üçün dövlətin qanunlarında məcburedici normalar yoxdur. Amma Səudiyyə Ərəbistanında dövlət səviyyəsində məcburedici tələblər var. Əgər Səudiyyə Ərəbistanında orucluq ayında yemək yediyinizi görsələr, polis sizi cəzalandırar. Bizdə isə könüllülük prinsipi mövcuddur. Eyni zamanda islamın vacib şərtlərini yerinə yetirən, oruc tutan, namaz qılanı da heç kəs cəzalandıra bilməz”.

M. Qurbanlının sözlərinə görə, 1990-cı illərdə bəzi dairələr qaçqın və məcburi köçkünlərə yardım etməklə bərabər, Azərbaycanda məscidlər tikib və müəyyən təbliğati işlər aparıblar: “Azərbaycanda ənənəvi şiəliyin müxtəlif mərasimlərini radikal şiəliyin mərasimləri səviyyəsinə qaldırmaq istəyiblər. Məsələn, İmam Hüseynin əzadarlığı əvvəllər də keçirilib. İndi bunu güc nümayişi adı altında etmək niyyətlərini görməkdəyik. Əvvəllər xarici ölkələrdən hətta nümayəndələr gəlib, bunu idarə edirdilər. Bu, təhlükəli idi. Hətta Nardaranda İmam Hüseynin əzadarlıq mərasimlərini xarici ölkələrdən gələnlər idarə edir, belə mərasimlər zamanı ayrı-ayrı bayraqlardan istifadə edilir, xüsusi dəstələr olurdu. Dövlət, hökumət bu cür məsələlərə biganə qala bilməzdi”.

M. Qurbanlı Azərbaycanın dünyəvi dövlət olduğunu bir daha xatırladıb: “Nardaran hadisələrində müəyyən qüvvələr Azərbaycanın dünyəvi dövlət idarəçiliyinə zidd əməllər nümayiş etdirirdilər. Harada görünüb ki, seçki yolu ilə formalaşmayan qurumlar bütöv bir kəndin adından çıxış etsin? Yalnız Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fətva verə bilər. Həm də bu fətva tövsiyə xarakteri daşıyır, əməl etməyə də bilərsən. Ancaq qanunlara mütləq əməl edilməlidir. Ona görə də Nardarandakı hadisələrə həm siyasi, həm ideoloji müstəvidə mütləq cavab verilməlidir”.

M. Qurbanlı Qubada bir gəncin iki əlinin kəsilməsi hadisəsinə də toxunub: “Deyirlər ki, guya borcu olub. Ancaq bunun özü də bir vəhşilikdir. Belə halların qarşısı alınmalıdır. Ölkəmiz dinə yox, dini xurafata qarşıdır. Dahi mütəfəkkirlərimiz Axundov, Nərimanov, Cavid və digərləri xurafata qarşı mübarizə aparıb. Dini xurafat bizi geriyə, dini radikalizm isə daha dəhşətli yerə aparır. Biz əvvəlcə azərbaycançı, sonra ümmətçiyik. Bu gün Suriyanı görürsünüz. Radikal dini cərəyanların mübarizəsi ölkəni nə vəziyyətə qoydu? Oranı bombalamayan böyük dövlət qalmayıb. Buna görə də gənclərimiz ayıq-sayıq olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR