Millət vəkili: “Avropa terrora qarşı mübarizədə etnik və dini ayrı-seçkilik qoymamalıdır”

Millət vəkili: “Avropa terrora qarşı mübarizədə etnik və dini ayrı-seçkilik qoymamalıdır”
# 28 yanvar 2016 12:16 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assanbleyasının (AŞPA) dünən axşam keçirilmiş plenar iclasında “Beynəlxalq terrorizmə qarşı mübarizə, Avropa Şurası standartları və dəyərlərini qorumaq” və “Suriya və İraqda xarici döyüşçülər” adlı hesabatların müzakirəsi zamanı çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azərbaycanın erməni terrorundan əziyyət çəkən ölkə olduğunu deyib.

APA-nın Avropa bürosunun məlumatına görə, Q. Paşayeva bildirib ki, Avropa, Avropa Şurası və AŞPA harada, kim tərəfindən və kimə qarşı törədilməsinə, etnik və dini fərq qoymadan terrora qarşı sərt mübarizə aparmalıdır: “Terrordan çox əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq terrorla mübarizə istiqamətində birgə fəaliyyətimizi gücləndirmək istiqamətində Assambleyadakı müzakirələri dəstəkləyirəm. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa bundan imtina etməlidir. Mən bir müsəlmanam. İslam sülh dinidir, mülki insanların qətlə yetirilməsini pisləyir. İŞİD ən böyük zərəri Avropaya yox, müsəlmanlara vurur. Avropada bəzi siyasətçilərin İŞİD-in əməllərini istifadə edərək İslam dini və müsəlmanlar əleyhinə etdikləri çağırışlara qarşı da Avropa Şurası, AŞPA olaraq birgə mübarizə aparmalıyıq. İslam və müsəlmanlar əleyhinə Avropada səslənən bəzi çağırışların hansı nəticələrə səbəb ola biləcəyini, hansı faciələrə yol açacağını ciddi düşünməliyik. Avropada İslamafobiyanın artması hamımızı ciddi narahat etməli və bunun qarşısını almaq üçün ciddi addımlar atmalıyıq. Terrorla effektiv mübarizə üçün bütün Avropa ölkələrinin bu istiqamətdə əməkdaşlığının genişlənməsinə çox böyük ehtiyac var. Bizimlə bərabər terrordan uzun illər əziyyət çəkən digər üzv ölkə Türkiyə Suriya və İraqla böyük sərhəddə malikdir və terrora qarşı böyük mübarizə aparır. Türkiyədə minlərlə insan terrorun qurbanı olub və terrora qarşı mübarizədə Avropa ölkələri və təşkilatımız Türkiyəyə daha çox dəstək verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR