Allahşükür Paşazadə Başqırdıstanın rəhbəri ilə görüşüb

Allahşükür Paşazadə Başqırdıstanın rəhbəri ilə görüşüb
# 23 oktyabr 2015 09:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə respublikanın rəhbəri Rüstəm Həmitov ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir vaxtda A. Paşazadə kimi müdrik insanların təcrübə və biliyinə xüsusən böyük ehtiyac duyulduğunu bildirən R. Həmitov Rusiyanın baş müftisi Talqat Tacuddin və şeyxülislam Allahşükür Paşazadə kimi dəyərli dini liderlərin mövcudluğunu Allahın lütfü kimi dəyərləndirib. O, dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini liderlərin rolunu yüksək dəyərləndirib. R. Həmitov bildirib ki, Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razıdır və bu münasibətlərin daha da inkişaf etməsini arzulayır. R. Həmitov ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu söyləyib.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Allahşükür Paşazadə Başqirdistan Respublikasının başçısı Rüstəm Həmitova qəbul üçün dərin təşəkkürlərini bildirib. Ufa torpağına böyük məmnuniyyətlə gəldiyini deyən QMİ sədri burada keçirilən konfransın işindən, müzakirə olunan məsələlərin aktuallığından söhbət açıb. A. Paşazadə R. Həmitovu Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb.

Görüşün sonunda şeyxülislam R. Həmitova "Qurani-Kərim" və Bakını vəsf edən tablo hədiyyə edib. Baqşırdıstan rəhbəri də öz növbəsində xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR