AMEA-nın nəzdində “Akademkitab” MMC təsis olunub

AMEA-nın nəzdində “Akademkitab” MMC təsis olunub
# 04 noyabr 2015 14:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın nəzdində “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilməsi haqqında qərar qəbul edilib.

APA-nın məlumatına görə, iclasda qeyd olunub ki, Azərbaycan Prezidentinin 11 dekabr 2014-cü il Fərmanı ilə təsdiq edilmiş AMEA-nın Nizamnaməsində AMEA-nın məqsədlərinə nail olmaq və əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün elmin ayrı-ayrı sahələrində əldə etdiyi nailiyyətləri və innovativ yenilikləri istehsalatın müxtəlif sahələrində təcrübədə tətbiq etməklə sahibkarlıq subyektlərini təsis etmək, elmi-istehsalat yönlü təcrübə-sınaq zavodları, müxtəlif yönlü təsərrüfat müəssisələri yaratmaq hüquqları təsbit edilib.

Nizamnamənin bu müddəalarına əsaslanaraq fəaliyyətinin səmərəli təşkili üçün AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tabeliyində olan “Akademkitab” şöbəsini ləğv edərək, onun bazasında AMEA-nın elmi müəssisələrinin və digər qurumlarının nəşr etdirdikləri elmi, elmi-kütləvi və sair nəşrlərin təbliği, satışı və yayımı məqsədi ilə sahibkarlıq subyekti olan kommersiya qurumunun yaradılması zərurəti yaranıb.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, Rəyasət Heyətinin nəzdində “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib və Cəmiyyətin Nizamnaməsi təsdiq olunub. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə filologiya üzrə elmlər doktoru Əliağa Cəfərov təyin edilib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR