Moldova və Azərbaycan dostluğunun şərəfinə abidə ucaldılıb

Moldova və Azərbaycan dostluğunun şərəfinə abidə ucaldılıb
# 14 sentyabr 2016 14:58 (UTC +04:00)

Bakı-APA. Moldova Respublikasının Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostluğunu təcəssüm etdirən "Dostluq qapısı” abidəsinin təntənəli açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abidə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və maliyyə dəstəyi ilə, Moldova və Azərbaycan xalqlarının dostluğu şərəfinə Sıncerey şəhərinin girişində, beynəlxalq dərəcəli yolayrıcında ucaldılıb. Azərbaycanlı memar Azər Məmmədov layihədə Azərbaycan və Moldova memarlıq ornamentlərindən istifadə edərək hər iki xalqın memarlıq ənənələrinin sintezinə nail olub.

Tədbirdə iştirak edən Sıncerey şəhərinin meri George Braşovski “Dostluq qapısı” abidəsinin şəhərin memarlığına sanballı töhfə olduğunu bildirərək, Moldova Azərbaycanlıları Konqresinə təşəkkür edib.

Abidənin açılışının əlamətdar hadisə olduğunu deyən Moldova Respublikasının Mədəniyyət naziri Monika Babuk Moldova Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyətini yüksək dəyərləndirib. O, eyni zamanda “Dostluq qapısı”nın gələcəkdə turistlərin marağını cəlb edən məkan olacağını əminliklə vurğulayıb.

Abidənin Moldova-Azərbaycan dostluğu şərəfinə Sıncerey şəhərinə hədiyyə edildiyini deyən Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov isə əlavə edib ki, “Dostluq qapısı” iki ölkə arasındakı ənənəvi dostluğun yeni bir simvolu olacaq.

Abidənin açılışında Moldova Respublikası Prezident Aparatının rəhbəri İon Paduraru, Moldova Elmlər Akademiyasının prezidenti George Duka, Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin müvəqqəti işlər müvəkkili İlham Ağayev, Moldovanın tanınmış şairi və siyasi xadim İon Xadırka, eləcə də digər tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət adamları, Azərbaycan Konqresinin üzvləri və Sıncerey şəhərinin sakinləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR