Astarada 50-dək sürücü inzibati qaydada cəzalandırılıb

Astarada 50-dək sürücü inzibati qaydada cəzalandırılıb
# 06 may 2016 04:55 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları (DYPB) nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi avtomobil yollarında təhlükəsizliyi təmin etmək üçün mayın 5-də reyd keçiriblər. APA-nın cənub bürosunun məlumatına görə, reyd Astara şəhəri ilə yanaşı, rayonun Penser və Şahağac kəndilərinin də ərazisini əhatə edib. Hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədi daşıyan tədbir zamanı 100-ə yaxın minik avtomobili və yük maşınları saxlanılıb. Onlardan 50-si barəsində inzibati protokol tərtib olunub.

Protokollar əsasən təhlükəsizlik kəmərinin vurulmaması, sürücülük vəsiqəsinin olmaması, avtomobilin texniki baxışdan keçirilməməsi, qanunsuz olaraq sərnişin daşınma fəaliyyəti ilə məşğul olma və s. ilə bağlı olub. Həmçinin yol hərəkəti qaydalarını pozan 10-a yaxın piyada da cərimələnib.

Reyd zamanı yol polisinin “Dayan” əmrinə məhəl qoymayaraq aradan çıxmaq istəyən sürücülərə də rast gəlinib.

Astara DYPB-nin baş müfəttişi İlqar Rəhimzadənin sözlərinə görə, nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı cəza tədbirlərinin sərtləşdirilməsinə və cərimələrin artırılmasına baxmayaraq yollarda hələ də kifayət qədər intizamsız sürücülər hərəkət edir. Baş müfəttiş bildirib ki, bu cür reydlər mütəmadi xarakter daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR