“Azəryolservis” Zirədə təmir-tikinti işləri həyata keçirir

“Azəryolservis” Zirədə təmir-tikinti işləri həyata keçirir
# 10 fevral 2016 06:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azəryolservis” ASC tərəfindən Xəzər rayonu Zirə qəsəbəsinin bir neçə küçəsində eyni vaxtda təmir-tikinti işləri həyata keçirilir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, uzunluğu 1,8 km, ortalama eni 8 metr olan Ağamalıoğlu, uzunluğu 0,8 km, ortalama eni 11 metr olan Sərdarov və uzunluğu 1,1 km, ortalama eni isə 8 metr olan Əbdülhəsən Babayev küçələridir.

Təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu 3,66 km olan küçələrin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə təqribən 38 850 kvadrat metr sahəyə bir (6 sm) və iki qat (11 sm) olmaqla yeni asfalt beton örtüyünün döşənməsi işlərinin aparılması planlaşdırılır. Bundan başqa bəzi ərazilərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, təqribən 4 min kvadrat metr sahədə yeni yol əsası tikilib.

Sözügedən küçələrin təmiri qəsəbə sakinlərinin gediş-gəlişini rahatlaşdırmaq məqsədi daşıyır. Çünki təmir olunan küçələr Zirə İdman Kompleksinin, orta ümumtəhsil məktəbinin və qəsəbə məscidinin qarşısından keçərək Ə. Babayev küçəsi ilə yenidən qəsəbənin mərkəzi küçəsi olan S. Ə. Şirvani küçəsində birləşir. Bundan başqa həmin küçələrlə müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslar da keçirlər.

Qeyd edək ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Xəzər rayonu Zirə qəsəbəsinin sözügedən küçələrinin təmiri işlərini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə onlarla işsiz qəsəbə sakini müvafiq işlə təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR