Ulyanovskda azərbaycanlının evini yandırmaqda təqsirləndirilən keçmiş polis ittihamları qəbul etməyib

Ulyanovskda azərbaycanlının evini yandırmaqda təqsirləndirilən keçmiş polis ittihamları qəbul etməyib
# 29 yanvar 2016 05:05 (UTC +04:00)

Bakı-APA. Ulyanovskda azərbaycanlının evini yandırmaqda ittiham olunan 45 yaşlı kollektor Dmitriy E. günahını inkar edib. APA-nın “LifeNews”a istinadən verdiyi xəbərə görə, həbs olunan şəxs iki yaşlı uşağın ağır yanıq xəsarətləri alması ilə nəticələnən hadisə ilə əlaqəsi olmadığını iddia edir.

Dmitriy E. həmçinin paltarında aşkarlanan yağ və benzin izlərinin kriminal mənşəli olmadığını iddia edir: “Mən keçmiş arvadıma və onun anasına təsərrüfat işlərində kömək edirəm. Yanvarın 24-də mən motoblokun təmiri ilə məşğul olmuşam, yağını dəyişib, benzin əlavə etmişəm. Bundan sonra mən yay mövsümündə istifadə etdiyim ikinci motoblokun təmiri ilə məşğul oldum. Bu işləri görərkən əynimdə ekspertiza üçün dünən götürülən məhz həmin gödəkçə və idman şalvarı olub”, deyə ittiham olunan şəxs bildirib.

Bundan başqa, Dmitriy E. yanğın baş verən an evində olduğunu və yandığını iddia edir. İttiham olunan şəxs izahatını təsdiqləməyə və “yalan detektoru” adlanan poliqraf cihazı vasitəsilə yoxlamadan keçməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, yanvarın 27-də Ulyanovskda azərbaycanlı Hüseynovlar ailəsinin evinə "molotov kokteyli" atılıb. Nəticədə evdə olan iki yaşlı körpə Ruslan Hüseynov üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qəddar cinayəti törətməkdə təqsirli bilinən Dmitri. E. adlı şəxs tutulub.

Onun barəsində "Qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu, 2008-ci ildən Daxili İşlər Nazirliyi orqanından oğurluğa görə xaric olunduğu bildirilib. Törətdiyi cinayətə görə Dmitri. E. o zaman üç il müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin rəisi Aleksandr Bastrıkinin şəxsi nəzarətinə götürülüb. O cinayət işi üzrə dəqiq və hərtərəfli istintaqın aparılmasına dair xüsusi göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR