İşçi komissiya “Sovetski”də tarixi abidələrin sökülməsi barədə iddialara cavab verib

İşçi komissiya “Sovetski”də tarixi abidələrin sökülməsi barədə iddialara cavab verib
# 06 iyun 2016 15:37 (UTC +04:00)

Bakı - APA. “Sovetski” ərazisində fəaliyyət göstərən İşçi komissiya tarixi abidələrin sökülməsi barədə iddialara cavab verib. Komissiyanın üzvü, memar Eyvaz Bağırov bununla bağlı məqaləsini APA-ya təqdim edib. Məqalə oxuculara təqdim olunur:

"Bakı şəhər Baş planının icrası ilə əlaqədar paytaxtın Yasamal rayonunda, keçmiş “Sovetski” adlanan ərazidə geniş abadlıq işlərinin aparılması məqsədi ilə 2014-cü ilin yanvar ayından etibarən həmin ərazidən sakinlərin köçürülməsi üçün sakinlərlə danışıqlara başlanıb, ilkin mərhələdə sakinlərdən yaşayış və qeyri-yaşayış sahələrinin mülki qanunvericiliyə uyğun olaraq, razılaşma ilə alqı-satqı müqavilələri əsasında satın alınması həyata keçirilib.

Sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 saylı qərarına əsasən Yasamal rayonunda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə keçmiş “Sovetski” adlanan ərazinin bir hissəsində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına başlanıb və hazırda bu işlər davam etdirilir. İndiyədək ərazidən cəmi 3425 yaşayış obyekti, o cümlədən 2715 yaşayış obyekti könüllü alqı-satqı yolu ilə, 710 yaşayış obyekti isə dövlət ehtiyacları üçün könüllü razılaşma əsasında vəsait ödənilməklə sakinlərdən satın alınıb.

Köçürülən sakinlərdən azsahəli mənzillərdə yaşayan ailələrə və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə verilməsi üçün Nazirlər Kabinetinin 09 iyun 2015-ci il tarixli 149s saylı sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu 822/823-cü məhəllədə və Koroğlu Rəhimov küçəsi 9 ünvanında yerləşən iki binada yenidənqurma və əsaslı təmir işləri aparılıb, həmin binalardan birində təmir-bərpa işləri tamamlanaraq 107 mənzilin və əlavə olaraq qeyri-yaşayış sahəsinin dəyişdirmə yolu ilə, notarial qaydada rəsmiləşdirilməklə (mülkiyyət hüquqlarına dair sənədlərlə) müvafiq sakinlərə verilməsi təmin edilib. Təmir-bərpa işləri yekunlaşmaq üzrə olan digər binada 120 mənzilin razılaşma əldə olunmuş sakinlərə paylanması qısa zamanda təmin ediləcək. Əhalisi köçürülərək söküntü işləri davam etdirilən ərazidə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli 132 nömrəli Qərarına əsasən, dövlət mühafizəsinə götürülmüş 95 ədəd əhəmiyyətli tarix və mədəniyyət abidələri də qeydə alınıb və onların müvafiq qaydada mühafizəsi təmin edilib.

Qeyd edilməlidir ki, əsasən, yaşayış evlərindən ibarət, uzun illər bərpa və ya əsaslı təmir işləri aparılmadan istismar olunmuş həmin binaların əksəriyyətinin vəziyyəti texniki cəhətdən qəzalı, istismar üçün təhlükəlidir. Binalarda təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun və yaxud mümkün deyil. Yasamal rayonunda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən həmin tikililərin texniki vəziyyəti uzun müddət müvafiq qurumların mütəxəssisləri tərəfindən müayinə edildikdən və tam öyrənildikdən sonra verilmiş rəylər əsasında onların sırasından 23 abidənin adı “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 18 may 2016-cı il tarixli 196 nömrəli Qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb. Həmin binaların, o cümlədən siyahıdan çıxarılmış abidələrin Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən mühafizəsi hazırda da davam etdirilir. Siyahıdan çıxarılmış abidələrə mütəxəssislər tərəfindən yerində baxış keçirilib, binaların əhəmiyyət kəsb edən elementlərinin və hissələrinin müəyyənləşdirilərək götürülməsinə başlanıb.

Göründüyü kimi, son vaxtlar bəzi mətbuat orqanlarında rast gəlinən məlumatlarda qeyd edilənlərin əksinə olaraq, “Sovetski” adlanan ərazidə bütün tarixi abidələr sökülmür. Yalnız tarix və mədəniyyət baxımdan az əhəmiyyət kəsb etdiyindən əvvəllər yerli əhəmiyyətli abidə kimi müəyyən edilmiş, yalnız ayrı-ayrı elementlərinə görə həmin siyahıya salınmış, hazırda isə qəzalı vəziyyətə düşmüş, bərpası məqsədəuyğun olmayan və sonradan əsaslandırılmadan “Siyahı”ya daxil edilmiş 23 abidə Mədəniyyət və Turizm Nazirliyinin təklifi və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb. Qalan 72 abidə müvafiq qanunvericiliyə uyğun olaraq dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin siyahısındadır və onların toxunulmazlığı təmin edilib.

İstərdim buna bir neçə nümunə gətirim.

“Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılmış, Mustafa Sübhi küçəsi, 63-də yerləşən məscid formasında olan tikili həmin “Siyahı”da yaşayış binası kimi qeydə alınsa da, faktiki olaraq uzun müddətdir, istifadə olunmur. Hansı quruma məxsus olduğunun müəyyənləşdirilməsi mümkün olmayan həmin bina istismar üçün yararsız hala düşüb (fotoşəkillər əlavə olunur).

Mustafa Sübhi küçəsi 63 (bayırdan görünüşü)

Mustafa Sübhi küçəsi 63 (arxa tərəfdən yuxarıdan görünüşü)

Mustafa Sübhi küçəsi 63 (içəridən görünüşü)

Buna baxmayaraq, həmin tikilinin, habelə dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən və Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə “Siyahı”dan çıxarılmış 23 tikilinin bəzilərinin, o cümlədən S.Rəhimov və A.Şaiq küçələrinin kəsişməsindəki “Şollar su kəmərinin su yayım qülləsi”nin və başqa tikililərin bərpası və saxlanılması imkanları hal-hazırda bir daha öyrənilir.

Siyahıdan çıxarılmış və dövlət ehtiyacları üçün alınaraq sakinlərinin köçürülməsi nəzərdə tutulan həmin tikililərdən daha çox adı hallanan, M.Fətəli küçəsi, 45 ünvandakı yaşayış binasının isə baş fasadı istisna olmaqla, digər fasadları və binanın girişindən başlayaraq bütün daxili hissəsi elə həmin binanın bu gün qorunmasının vacib olduğu barədə müsahibələr verən sakinlər tərəfindən küstar üsulla aparılmış əlavələrə və dəyişikliklərə məruz qalaraq korlanıb, yararsız hala salınıb (fotoşəkillər əlavə olunur).

M.F.Axundov küçəsi 45 (yandan görünüşü)

M.F.Axundov küçəsi 45 (arxadan görünüşü)

M.F.Axundov küçəsi 45 (arxadan görünüşü)

M.F.Axundov küçəsi 45 (həyətdən görünüşü)

Həmin binanın da fasad elementlərinin götürülməsi və digər binaların elementləri ilə birlikdə gələcəkdə bu ərazidə müəyyən bir formada sərgilənməsi və ya istifadə olunması nəzərdə tutulur.

Hesab edirik ki, dövlət əhəmiyyətli yollarının və kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə adları siyahıdan çıxarılmış 23 binaya (o cümlədən 2 qeyri-yaşayış obyekti) müəyyən mənada oxşayan, elementləri təkrarlanan, eyni dövrün yaddaşı olan 72 abidənin yenidən öyrənilməsi, qorunması və bərpası ilə bağlı tədbirlər görülməsinə diqqət yetirilməsi daha məqsədəuyğun olardı.

Fikrimizcə, indi həmin abidələrin bərpası və mühafizəsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlərə başlanılarsa, yaxın gələcəkdə bu ərazidə çəkiləcək yeni yolların və abadlıq işlərinin fonunda bərpa olunmuş abidələr öz yerini tutacaq, tarix və mədəniyyətimizin şahidi rolunu oynayacaq".

Eyvaz Bağırov, “Sovetski” ərazisində fəaliyyət göstərən İşçi komissiyanın üzvü, memar, Memarlar İttifaqının üzvü

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR