Mədəniyyət və Turizm Nazirliyində Kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyində Kollegiya iclası keçirilib
# 25 dekabr 2015 15:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin müvafiq sərəncamları ilə “Tərəqqi” medalına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, eləcə də nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülən şəxsləri təltif edib.

İclasda məruzə ilə çıxış edən nazir vurğulayıb ki, 2015-ci ildə prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələri ilə bağlı 78 sənəd imzalanıb.

Nazir məruzəsində 2015-ci ildə keçirilən tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən söz açıb.

Məruzədə teatr, kinematoqrafiya sahəsi, muzey, kitab nəşri və kitabxana işinin inkişafını səciyyələndirən amillərdən bəhs edilib.

Ə. Qarayev bildirib ki, 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ regionlarla iş olacaq. Hədəflər bölgələrdə mədəni irsin təbliği və onun inkişafına yönəldiləcək.

Kollegiyada müvafiq əmək müqaviləsinin bitməsinə görə Xalça Muzeyinin direktoru Röya Tağıyeva, işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə Qobustan Milli Tarixi-Bədii Qoruğunu direktoru Məlahət Fərəcova tutduqları vəzifədən azad olunublar.

Sonda Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin birinci yarımillik iş planı təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR