Afaq Əliyeva: “Azərbaycanda epidemioloji vəziyyət tam sabitdir”

Afaq Əliyeva: “Azərbaycanda epidemioloji vəziyyət tam sabitdir”
# 04 fevral 2016 09:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu ilin yanvarında 300-dən çox şəxs müayinə olunub. Nəticədə Azərbaycanda “donuz qripi” qeydə alınmayıb. Ötən il isə 1400 nəfər üzərində müayinə aparılıb. Onların da arasında “donuz qripi”nə rast gəlinməyib”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, sərhəd-keçid məntəqələrində “donuz qripi”nin qeydə alındığı ölkələrdən gələn şəxslər müayinədən keçirilir.

A. Əliyeva əlavə edib ki, Bakı şəhərindəki bütün məktəblər və uşaq bağçalarında 100 faiz dezinfeksiya işləri başa çatdırılıb: “Hər ay məktəb və uşaq bağçalarında iki dəfə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Yaxın zamanlarda məktəb və uşaq bağçalarında dezinfeksiya işləri şənbə və bazar günləri həyata keçiriləcək. Hələ ötən ilin dekabrında Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında “donuz qripi” aşkarlandı. Bununla bağlı həmin ay səhiyyə naziri tərəfindən əmr imzalandı. Dərman preparatları, laborator müayinələrin aparılması, lazımi avadanlıqlarla təminatla bağlı tapşırıqlar verildi”.

Direktor müavini qeyd edib ki, xəstəliklər haqda gündəlik məlumatlar toplanır: “2009-cu ildən başlayaraq, Bakı şəhərinin ən böyük xəstəxanalarında kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri təşkil olunur. Epidemioloji vəziyyət tam sabitdir. Eyni zamanda, ağır keçirən xəstələrin yaxmaların götürülməsi üçün ləvazimatlar göndərilib”.

A. Əliyeva onu da qeyd edib ki, Azərbaycanda Zika virusu ilə bağlı narahatlıq yoxdur: “Zika virusuna Azərbaycanda yoluxma ehtimalı yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR