Arzuxan Əlizadə: “AMİP sədrliyinə namizəd olacağımı istisna etmirəm”

Arzuxan Əlizadə: “AMİP sədrliyinə namizəd olacağımı istisna etmirəm”
# 12 oktyabr 2015 13:34 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib.

O, AMİP sədri Yusif Bağırzadənin istefasına təəssüfləndiklərini və bu günə kimi onunla əlaqə yaratmağın mümkün olmadığını bildirib: “Yusif Bağırzadənin AMİP-dən heç bir incikliyi yoxdur. İstefasından bir gün əvvəl də partiyada olub, iclas keçirib. Yusif bəy partiyadan heç bir inciklik olmadan ayrılıb. Biz səhəri gün onun istefasını sizin agentlik vasitəsilə öyrənmişik. Onun həqiqətən də səhhətində müəyyən problemlər vardı. Biz çox istəyirik ki, onunla əlaqə saxlayaq. Ancaq təəssüflər olsun ki, indiyə kimi bu mümkün olmayıb. Yusif Bağırzadənin partiyada kifayət qədər xidmətləri var. Səhhəti imkan versə, biz onunla görüşmək istəyirik. İstənilən halda partiyada Yusif Bağırzadə ilə bağlı hər hansı inciklik, fikir ayrılığı olmayıb. Fikir müxtəlifliyi ola bilər ki, bu da müzakirələrlə öz həllini tapıb. Partiyada hər kəs qərar qəbul olunana kimi fikir bildirməkdə sərbəstdir. Buna görə də incikliklə bağlı məsələni birmənalı olaraq rədd edirik. Onun da açıqladığı kimi, güman edirik ki, istefası səhhəti ilə bağlıdır. Əgər digər səbəblər varsa, bunu o, özü açıqlaya bilər. Ola bilər ki, Yusif bəy səhhəti düzələnə kimi insanlarla təmasdan yayınır və buna görə telefonu qapalıdır. Bunu anlayışla qarşılamaq lazımdır. Yəqin ki, o, yaxın günlərdə cəmiyyətə də çıxacaq, partiya üzvləri ilə də əlaqə saxlayacaq. O, istefa ərizəsini partiyaya göndərib və Siyasi Şura oktyabrın 14-də bu məsələyə baxacaq”.

A.Əlizadə qeyd edib ki, partiyanın qurultayının bu ay keçirilməsi real görünmür: “Partiyanın nizamnaməsinə əsasən sədr istefa verirsə, fövqəladə qurultay çağırılmalıdır. Ancaq hazırda partiyanın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi öz işini yekunlaşdırıb və partiya XI qurultayını keçirəcək. Qurultayın vaxtını isə Mərkəzi Şura müəyyənləşdirməlidir. Biz seçkiqabağı qurultay keçirməyi nəzərdə tutsaq da, müəyyən səbəblərdən bu proses uzandı və artıq seçkiqabağı qurultayın keçirilməsinə əmin deyiləm”.

O, partiya sədrliyinə namizədliyini irəli sürəcəyini istisna etməyib: “Qurultayın vaxtı elan olunandan sonra Mərkəzi Şuranın çağırışına əsasən partiya sədrliyinə namizədlər bildiriş verəcəklər. Namizədlərin qurultayda təqdimatı ilə bağlı Siyasi Şura rəy verir. Mən öz namizədliyimi irəli sürüb-sürməməklə bağlı məsələyə indidən şərh vermək istəmirəm. Partiyanın istənilən üzvü partiya sədri olmaq arzusunda olur. Şübhəsiz ki, mən də partiya sədrliyinə namizəd olacağımı istisna etmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR