Çimərliklərdəki istirahət mərkəzlərində ekoloji vəziyyətlə bağlı monitorinqin nəticələri açıqlanıb

Çimərliklərdəki istirahət mərkəzlərində ekoloji vəziyyətlə bağlı monitorinqin nəticələri açıqlanıb
# 05 sentyabr 2016 15:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Abşeron çimərliklərində fəaliyyət göstərən istirahət mərkəzlərində və iaşə obyektlərində ekoloji vəziyyətin öyrənilməsi, Xəzər dənizinə və ətraf mühitə antropogen təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının müəyyənləşməsi, formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən monitorinq keçirilib.

APA-nın xəbərinə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, aparılan müşahidələr zamanı sahil zolağında yerləşən Novxanı, Pirşağı və Bilgəh çimərliklərində fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan bərk tullantıların daşınması yerli bələdiyyələrlə bağlanmış müqavilə əsasında aparılsa da, daşınması vaxtı-vaxtında təmin olunmadığından çimərlikboyu qoyulmuş tullantı qutularının dolub daşması və tullantıların ətrafa yayılması kimi ekoloji pozuntu halları davam edir.

“Novxanı, Goradil, Fatmayi, Pirşağı və Bilgəh bağlarındakı fərdi yaşayış evlərində formalaşan bərk məişət tullantılarının yaxınlıqda tullantı qutuları olmadığından ətraf ərazilərə və Xəzər dənizinə tökülən Samur-Abşeron kanalına atılması da aşkarlanıb. Formalaşan bərk məişət tullantıları mütəmadi olaraq daşınmadığı üçün həmin ərazilər xəstəliktörədən mikroorqanizmlərin inkişaf mənbəyinə çevrilə bilər. Belə hal əsasən, Novxanı çimərliyi ərazisində yerləşən Dostluq, Şakira, Malibu, Matros, Dalğa, Həkəri, Glory, Xudafərin, Kristal, Delfin, Röya, Vüsal, Bakı gecələri, Siyan gölü, Anar, Qağayı, K House, Karvan, Yusif, Fregat, Alma, Günəbaxan, Şərur, Laçın, Çinar, Ümüd, Nicat, Flaminqo, Sahil, 313, Dərya, Xəzri, Atlantida, Duyğu, Mirvari, Qala, Bizim şəhər və Nursu istirahət mərkəzlərində müşahidə olunub. Novxanı çimərliyinin Sumqayıt inzibati rayonu ərazisinə aid hissəsində mərkəzləşdirilmiş kanalizasiya xətti çəkililib. Həmin xətt formalaşan tullantı suların “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin Təmizləyici qurğular sexinə ötürülməsinə xidmət edir” – deyə bülletendə qeyd olunub.

Bülletendə o da qeyd olunub ki, formalaşan tullantı suları ekoloji kriteriyalara uyğun olmayan şambolara yığılan zaman həmin sular süzülərək Xəzər dənizinin sularına qarışır: “Bununla da həmin şambolar yoluxucu xəstəliklərin yaranma mənbəyinə çevrilir. Bu hal Novxanı çimərliyi ərazisində yerləşən Dostluq, Şakira, Malibu, Sarıqaya, Üç qardaş, Qala, Kristal, Delfin, Vüsal, Bakı gecələri, Siyan gölü, Anar, Qağayı, K House, Karvan, Yusif, Fregat, Orxan, Alma,Günəbaxan, Şərur, Laçın, Dalğa, Çinar, Ümüd, Nicat, Flaminqo, Sahil, 313, Dərya, Xəzri, Atlantida, Duyğu, Mirvari, Röya, Bizim şəhər, Nursu ailəvi istirahət mərkəzlərində, Qızılqum çimərliyi ərazisində yerləşən “Günəş”və bir çox adsız istirahət mərkəzlərində, Bilgəh çimərliyində yerləşən “Şəbəkə” istirahət mərkəzində müşahidə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR