"Doha planları"nı alt-üst edə biləcək üç maneə - TƏHLİL

"Doha planları"nı alt-üst edə biləcək üç maneə - <span style="color: red;">TƏHLİL
# 15 aprel 2016 09:06 (UTC +04:00)

Aprelin 17-də Qətərin paytaxtı Dohada neft ixrac edən ölkələrin görüşü keçiriləcək. Bütün neft ölkələri bu görüşdən mühüm nəticələr gözləyir. Toplantıda Azərbaycanın da iştirakı nəzərdə tutulur. Faktiki olaraq, görüşün bir əsas müzakirə predmeti olacaq - neft hasilatının hazırda olan səviyyədə dondurulması. Bu addım neft bazarında qiymətlərin artmasına səbəb olmalıdır, çünki hazırda neft bazarında təklif tələbi üstələyir, bu səbəbdən qiymətlər aşağı səviyyədədir. Hasilatın müəyyən olunmuş kvotalar çərçivəsində dondurulması bazara əlavə həcmlərin çıxarılmasını aradan qaldıracaq ki, bu da öz növbəsində qiymətləri artırmalıdır. Lakin bu ssenarinin qarşısında bir neçə əngəl var.


BİRİNCİ MANEƏ

İlk əvvəl görüşdə neft hasilatının indiki səviyyədə və yaxud 11 yanvar tarixi səviyyəsində dondurulması barədə razılıq əldə olunmalıdır. Bu isə elə də asan olmayacaq, çünki əksər neft ixracatçıları razı olsa da, buna qarşı çıxanlar da var. Üstəlik, hələlik ortaya konkret mövqe qoymayanlar da var. Söhbət bazarın iki əsas oyunçusu olan İran və Səudiyyə Ərəbistanından gedir. İran bir müddət öncə illərlə sürən embarqodan azad olunub və neft hasilatının dondurulması əvəzinə hasilatın və satışın artırılmasında maraqlıdır. Bu yaxınlarda İran rəsmilərinin etdiyi iki bəyanata xüsusi diqqət yetirmək lazımdır. Həmin bəyanatlar "Doha planları"nı alt-üst edə bilər. Birinci bəyanatın mahiyyəti ondan ibarətdir ki, İran neft hasilatını 2017-ci ilin əvvəlinə gündəlik 4 mln. barel səviyyəsinə çatdırmaq niyyətindədir. Bu artım tədricən aparılacaq. Yəni İran neft hasilatını eyni səviyyədə saxlamaq və ya azaltmaq niyyətində deyil. İkinci bəyanatın mahiyyətinə gəldikdə, İran Asiya istehlakçıları üçün neftin qiymətini bir qədər azaltmaq fikrindədir ki, bu da satışların artırılmasına istiqamətlənən bir addımdır. Məlumdur ki, qiymətlərin azaldılması rəqabətin bir alətidir. Heç kəsə sirr deyil ki, İranın əsas rəqibi Səudiyyə Ərəbistanıdır. Bu ölkə onsuz da İranı bir neçə bazarda sıxışdırmaq niyyətindədir və İranın planları Səudiyyə Ərəbistanını hasilatı dondurmaq əvəzinə artırmağa və qiymət müharibəsinə keçməyə məcbur edə bilər. Onu da qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı da neftin ucuzluğundan əziyyət çəkir, halbuki hələ bir-iki il əvvəl bu ölkənin maliyyə problemləri ilə üzləşəcəyi inanılmaz görünürdü. İndi isə ölkə büdcəsində nəinki kəsir, ümumiyyətlə azalma müşahidə olunur. Bundan əlavə, Səudiyyə Ərəbistanı artıq bir neçə ay əvvəl neftinin qiymətlərini bir qədər aşağı salıb ki, satışları artırsın.

Belə olan halda görüşdə İranın iştirakı hələ razılıq əldə etmək deyil. Əksinə görüşdə sözügedən fikir ayrılıqları daha kəskinləşə bilər. Amma İranı bazarda yaranan problemlərin mənbəyi və qiymətlərin artması yolunda əngəl kimi qiymətləndirmək və günahlandırmaq qeyri-obyektiv olar. Çünki İran illər ərzində embarqo altında olub, digər ölkələr isə bahalı neft dövründə istənilən həcmdə neft sata biliblər və onlardan bir çoxu müəyyən ehtiyatlar toplayıb. Nüvə məsələsində kəskin, mürəkkəb problemlərin nəhayət uğurlu həll olunması İran və Qərbin qarşılıqlı güzəştə getməsi hesabına baş verib. Həmin tarixi prosesin məqsədlərdən biri də o olub ki, neft embarqosu aradan qaldırılsın. İndi bu məqsədə çatanda, bütün bunları bazarın efemer maraqlarına qurban vermək... Buna görə də razılaşma əldə olunsa belə, onun bazara fayda verməsi böyük sual altındadır. Maneələr bununla bitmir.

İKİNCİ MANEƏ

Bəzi analitiklərin fikrincə, neftin indiki qiymətləri neft hasilatının dondurulması ilə əlaqədar formalaşmır. Bu fikirlərə əsasən, əgər görüşdə kvotalara riayət edilməsi barədə razılıq əldə olunsa belə, bu qiymətlərə təsir etməyəcək, çünki bazar iştirakçıları artıq bu ehtimala uyğunlaşıb və bu, qiymətlərdə əksini tapıb. Mütəxəssislərin fikrincə, neftin 40-42 dollarlıq qiyməti özündə dondurulma barədə razılığın əldə edilməsini artıq “daşıyır”. Neftin qiymətinin bahalaşmasının son dinamikasına baxaq. Bu dinamika ehtimalları müəyyən mənada sübut edir. Belə ki, görüş barədə rəsmi məlumat martın ortalarında açıqlanıb. Nəticədə, martın 16-da “Brent” markalı neft 1,6 dollar və ya 4,1%, martın 17-də isə daha 1,2 dollar və ya 3% bahalaşıb və 41,5 dollarlıq səviyyəyə çatıb. Faktiki olaraq, görüş barədə rəsmi məlumatların açıqlanmasından sonrakı iki gündə neft 7%-dən çox bahalaşıb. Çünki bu görüşün baş verməsi faktı və gözləntisi bazara müsbət təsir edib, bu da görüşdə əldə olunacaq (olunsa!) razılığın qiymətlərdə öz əksini tapması deməkdir. Qeyd edək ki, martın 22-dən sonra qiymətlər müxtəlif səbəblərin təsiri altında aşağı istiqamətlənib, lakin aprelin əvvəlində artım yenidən bərpa olunub və hazırda “Brent” markalı neftin qiyməti 42 dollar təşkil edir. Həmçinin bildirmək lazımdır ki, sonuncu dəfə 41-42 dollarlıq səviyyə ötən il dekabrın əvvəlində, yəni 4 ay əvvəl müşahidə olunub, neftin bahalaşması dünya iqtisadiyyatında hər hansı ciddi dəyişiklik, proqnoz, neft ehtiyatların azalması kimi amillərin olmaması fonunda baş verib. Bu faktı Doha görüşü amilinin bazara təsir etməsi kimi qiymətləndirmək olar. Obyektivlik üçün qeyd edək ki, müəyyən dərəcədə neftin bahalaşmasına dolların ucuzlaşması da təsir edib, lakin yalnız “müəyyən dərəcədə”. Belə ki, martın ortalarından indiyə kimi dollar avroya qarşı 2,7% ucuzlaşıb, bu da neftin bahalaşmasının, kobud desək, yalnız 1/3 hissəsidir. Beləliklə, bunları nəzərə alaraq, görüşdə razılıq əldə olunsa belə bunun qiymətlərə yüksəldici təsir etməsi sual altındadır. Çünki, ola bilsin ki, bu artıq qiymətlərdə əksini tapıb. Amma əgər görüşdə tək dondurulma deyil, hasilatın azaldılması barədə razılıq əldə olunsa, onda qiymətlər mütləq qalxacaq, çünki belə ehtimal həddən artıq cəsarətlidir. Daha real görünür ki, ən yaxşı halda iştirakçılar yalnız dondurulma barədə razılıq əldə edəcəklər. Lakin bu hələ də razılığın real olması demək deyil, çünki maneələr davam etməkdədir.

ÜÇÜNCÜ MANEƏ

Ən maraqlı, ən şübhəli və eyni zamanda ən subyektiv, amma ən real maneə də budur. Söhbət ondan gedir ki, razılıq əldə olunsa, bəzi ölkələr bu razılığa riayət etməyəcəklər. Sxem çox sadədir: razılıq əldə olunur, amma reallıqda işləmir, bazarda artıq neft həcmi qalır, qiymət qalxmır. Sual yaranır: əgər belə ehtimallar var, əgər gözlənilən görüş iştirakçıları arasında etimad yoxdursa, son dərəcədə yuxarı səviyyədə əldə olunmuş razılığın reallaşması barədə şübhələr varsa, görüşün keçirməsinin nə mənası var? Görüş yalnız formallıq naminə, “əlimizdən gələni etdik, alınmadı, indi hər həs özü üçün çalışsın” demək üçün keçirilir? İnandırıcı deyil. Bəlkə bu maneə heç yoxdur və o, yalnız bəzilərinin uydurmasıdır? Kimin? Maraqlıdır ki, razılığın işləməməsi və onun pozulması ehtimalı barədə ən çox rusiyalı mütəxəssislər danışır. İttiham etmək fikrimiz yoxdur, amma bu açıqlamalar əvvəlcədən razılığa əməl etməmək üçün “əl yeri saxlamaq” məsələsinə çox oxşayır. Bir çox rusiyalı mütəxəssislər deyir ki, onsuz da razılığa çoxları əməl etməyəcək, ona görə biz də sayıq olmalıyıq.

Göründüyü kimi, neftin bahalaşmasında bütün neft ixracatçıları maraqlıdır, amma birgə addımların atılacağına ciddi və əsaslı şübhələr var. Təəssüf ki, neft bazarının iştirakçıları arasında indi daha çox fikir ayrıqları var, nəinki birgə addım atma niyyəti. Bu isə konkret qərarın əldə edilməsi ehtimalını azaldır. Ola bilər ki, aprelin 17-də keçiriləcək görüş nəticəsiz qalacaq, ola bilər ki, əksinə, neftin bahalaşmasına təkan verəcək. Qətiyyətlə bunu proqnozlaşdırmaq mümkün deyil, çünki maneələr çoxdur...

Vahab Rzayev, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR