Şabranda torpaq sürüşməsi nəticəsində beş evə ziyan dəyib

Şabranda torpaq sürüşməsi nəticəsində beş evə ziyan dəyib
# 28 fevral 2017 12:45 (UTC +04:00)

Şabran rayonunda torpaq sürüşməsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, fevralın 23-dən 24-ə keçən gecə rayonun Qazbabalı kəndi ərazisində qeydə alınan hadisə nəticəsində 5 ev yararsız vəziyyətə düşüb. 30 hektar ərazini əhatə edən təbii fəlakət zamanı xəsarət alan olmasa da, sakinlərin təsərrüfatlarına ziyan dəyib.

Qəzalı vəziyyətə düşən beş evdə ümumilikdə 30-a yaxın sakin yaşayır. Hazırda həmin evlərdə yaşamaq mümkün olmadığından ailələr qohumlarının evlərində məskunlaşıb. Təbiət hadisəsi evlər, yardımçı binalarla yanaşı, təsərrüfatçıların örüş sahələrinə və bağlarına da ciddi ziyan vurub. Elektrik naqillərinin sıradan çıxması nəticəsində kəndə enerjinin verilməsində məhdudiyyət yaranıb.

Artıq aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən əraziyə baxış keçirib. Evlərə dəymiş ziyanla bağlı akt tərtib olunub. Kənd sakinləri son aylarda yağıntının normadan çox yağması nəticəsində, sürüşmə sahələrinin fəallığının artığını bildirib.

Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Kənddə 70-ə yaxın ev var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR