Novruz bayramı münasibətilə keçirilən fərdi yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Novruz bayramı münasibətilə keçirilən fərdi yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 17 mart 2018 12:47 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən mətbuat işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə KİV-in fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb.

Vüqar Səfərli deyib ki, Fond KİV-in inkişafı, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. Ötən illər ərzində onlarla belə müsabiqələr təşkil edilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb.

Bu il ilk yazı müsabiqəsinin Novruz bayramı ərəfəsində keçirildiyini söyləyən V.Səfərli bu müsabiqədə 67 kütləvi informasiya vasitəsinin iştirak etdiyini və yarışmaya 169 yazının təqdim olunduğunu vurğulayıb. Müsabiqəyə təqdim olunmuş yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan edilib. Hər bir istiqamət üzrə birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə 15 istiqamət üzrə 90 yazı qalib elan olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, qələm sahibləri vasitəsilə ölkəmizin reallıqları dünyaya çatdırılır: “Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəflidir. Jurnalistlər arasında mən özümü çox güclü hesab edirəm. Qələm sahibləri olan yerdə dövlətin, millətin problemləri lazımi dairələrə çatdırılır, onlar vasitəsilə biz həm öz cəmiyyətimiz, həm də xarici aləmlə ünsiyyətə giririk”.

Ə.Həsənov əlavə edib ki, 2017-ci il dövlətimizin inkişafında uğurlu il olub. Dövlətin inkişafı, sosial layihələr və nəzərdə tutulan digər layihələr uğurla icra edilir: “2018-ci ildə də bizi mühüm hadisələr gözləyir. Bunların arasında ən mühümü aprelin 11-də keçiriləcək prezident seçkiləridir. Seçkilər artıq start verilib. Martın 20-dən aprelin 10-dək seçkiqabağı təbliğat dövrü olacaq. Əminəm ki, sizlər bu təbliğata hazırsınız. Bu təbliğatın böyük hissəsi məhz KİV-in üzərinə düşəcək. Siz qarşıdan gələn seçkilərdə həm vətəndaş kimi iştirak edərək namizədlərə öz münasibətinizi bildirəcəksiniz, həm də bilavasitə seçkiləri işıqlandıracaqsınız”.

PA rəsmisi qeyd edib ki, bu il ölkədə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir: “Bilirsiniz ki, ölkə başçısının sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu səbəbdən də nəinki Azərbaycanda, dünyanın hər yerində ölkəmizlə bağlı silsilə tədbirlər qeyd ediləcək”.

Ə.Həsənov deyib ki, ölkədə jurnalistlərin müdafiəsi ilə bağlı bütün məsələlərlə əlaqədar məsuliyyəti Azərbaycan prezidenti, dövləti öz üzərinə götürüb: “Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu media siyasəti bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Düşünürəm ki, bu il də jurnalistlərin ciddi müdafiəyə ehtiyacı olmayacaq. Əksinə, dövlətin yaratdığı müdafiə mexanizmlərindən məharətlə istifadə edəcəksiniz”.

Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərin mükafatlandırılması mərasimi olub. Mükafat alanlar arasında APA-nın əməkdaşı Cavid Zeynallı və Lent.az-ın əməkdaşı Ləman Mustafaqızı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR