Dövlət Sərhəd Xidmətində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Sərhəd Xidmətində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
# 12 iyun 2015 09:39 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edənlər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində 15 iyunun - Milli Qurtuluş Gününün xalqımızın tarixində dönüş anı olduğunu qeyd ediblər.

Bildirilib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır sınaqlara məruz qalıb. Həmin dövrlərdə hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləyib. Belə bir ağır dövrdə xalqın təkidi ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə qadir olduğunu göstərib. Xalqımız güclü şəxsiyyətin, dahi dövlət xadiminin siyasi hakimiyyətə qayıdışından sonra sabaha böyük ümidlə və inamla baxmağa başlayıb. Onun xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yaranıb, xalq milli maraqlar ətrafında birləşib, ölkədə sabitlik bərpa olunub, Azərbaycan sabitlikdən inkişafa qədəm qoyub.

Məlumat verilib ki, respublikanın inkişafının bütün istiqamətlərində olduğu kimi Sərhəd Qoşunlarının təşkili və formalaşmasında əsaslı keyfiyyət dəyişiklikləri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, onun diqqət və qayğısı nəticəsində mümkün olub. Əsası Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasətin, iqtisadi-siyasi kursun bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanıb.

Daha sonra qeyd olunub ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer almaqla, iqtisadi qüdrətə nail olan ölkə kimi tarixdə ilk dəfə keçirilən mötəbər idman tədbirinə-1-ci Avropa Oyunlarına ev sahibliyini edir. Bu Oyunların Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizin qüdrətinin, artan gücünün və beynəlxalq nüfuzunun göstəricisi olduğu vurğulanıb.

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR