Gülağa Aslanlı: “Kimin-kim olduğu artıq göz qabağındadır”

Gülağa Aslanlı: “Kimin-kim olduğu artıq göz qabağındadır”
# 21 avqust 2015 14:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “ADR rəhbərliyinin Müsavat Partiyasının qurultayının nəticələrinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdiyi barədə əlimdə faktlar var”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

G. Aslanlı partiyanın qurultayının nəticələrinin ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə edilən müraciətdə Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbərliyini ittiham edib. Onun sözlərinə görə, ADR rəhbərliyi əvvəllər də Ədliyyə Nazirliyinə müraciət edəcəyini deyib: “Hətta Müsavatın qərargahı önündə piket keçirəndə də qətnamədə bu barədə qeyd etmişdilər. Yəni bu məsələ onların daxilində çoxdan müzakirə mövzusudur. İndi rəhbərlikdə olanların özlərini kənara çəkməsi o qədər də təbii görünmür. Çünki müraciətdə ADR-in sədr müavinləri, departament rəhbərləri, Məclis üzvlərinin imzaları var. Ona görə də mən şəxsən rəhbərliyin bu məsələdən xəbərsiz olduğuna inanmıram və əlimdə faktlar var. Çünki bütün yazılarında, müraciətlərində “biz Ədliyyə Nazirliyinə müraciət etmək məcburiyyətində qalacağıq” kimi ifadələr işlədiblər. İndi də bu fakt göz qabağındadır”.

G. Aslanlı qeyd edib ki, Ədliyyə Nazirliyi Müsavat Partiyasının qurultayının nəticələrini yanvar ayında təsdiq edib: “Bu haqda Müsavata sənəd də təqdim ediblər. Ona görə də bu məsələdə Müsavat Partiyası elə bir narahatlıq keçirmir, sadəcə olaraq kimin-kim olduğu artıq göz qabağındadır”.

Xatırladaq ki, ADR sədri Qubad İbadoğlu APA-ya açıqlamasında müraciətlə bağlı məsələnin hərəkatda heç vaxt müzakirə olunmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR