Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Sənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Sənan Əzimovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Sənan Əzimov son sözündə qətli tamah məqsədilə törətmədiyini deyib: "Rüfətə borcum olub, amma onu öldürmək niyyətim olmayıb. İş qurmaq üçün ondan 6 min manat borc almışdım. Yanımda işlədi, ona 1500 manat qaytardım. Yanımda işlədiyinə görə ona əlavə aylıq pul da verirdim. Sonra məndən pul istədi, söz verdim ki, qaytaracağam. Məni çağırdı görüşə, ondan spirtli içki iyi gəlirdi. Söhbət zamanı mənə əl qaldırdı. Əl-qol atdı, onu yumruqla vurdum. Aralandıq. Sonra yenə üstümə gəldi. Bilmədən onu bıçaqla vurdum. Peşmanam".
Daha sonra prosesdə hökm oxunub, Sənan Əzimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onun ittiham olunduğu 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Suraxanı rayon Əmircan qəsəbəsi ərazisində - dəmir yolu platformasında baş verib. Rayonun Bülbülə qəsəbə sakini Əzimov Sənan Natiq oğlu tanışı, 1987-ci il təvəllüdlü Polejniy Rüfət Vasilyeviçi bıçaqlayaraq öldürüb. S.Əzimov tanışını öldürəndən sonra könüllü olaraq polisə təslim olub.