Mayın 8-də "Caspian Energy Forum Tbilisi – 2018" keçiriləcək

 Mayın 8-də "Caspian Energy Forum Tbilisi – 2018" keçiriləcək
# 28 mart 2018 09:49 (UTC +04:00)

“Caspian Energy Georgia” şirkəti tərəfindən təşkil olunan 5-ci Beynəlxalq "Caspian Energy Forum Tbilisi – 2018"in vaxtı dəyişdirilərək aprelin 18-dən mayın 8-nə keçirilib.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, forumun tarixinin dəyişdirilməsi Azərbaycanda və onun hüdudlarından kənarda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edən şirkətlərin çoxsaylı xahişləri ilə əlaqədardır.

Gürcüstanın mühüm payı olan bir sıra nəhəng regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, həmçinin beynəlxalq biznes ictimaiyyətinin nümayəndələrində Gürcüstan iqtisadiyyatına böyük maraq yaradan əlverişli investisiya və işgüzar mühit ilə əlaqədar foruma Avropa, Amerika və Asiya qitəsini təmsil edən çox sayda iştirakçının qatılacağı gözlənilir. Bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. O həmçinin qeyd edib ki, açılış mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin və hökumətin Gürcüstanın iqtisadi blokunu təmsil edən üzvlərinin iştirakı nəzərdə tutulub.

5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə Gürcüstan, Azərbaycan və “Caspian European Club” rəsmi dəstək verir.

Telman Əliyevin sözlərinə görə, “Caspian Energy Forum” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə təşkil olunur və biznes-hakimiyyət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, eləcə də biznesmenlər arasında qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydan rolunu oynayır.

“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək.

Yenilənmiş spiker siyahısı və forumun proqramı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.

Bundan əlavə, tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar da nəzərdə tutulub.

Telman Əliyev əlavə edib ki, qeydiyyatdan http://caspianenergyforum.com/tbilisi/index.php/ru/ linki vasitəsilə keçmək mümkündür.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Onların hər ikisi iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club-un”, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən “Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Qeyd edək ki, “Caspian Energy” dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibləri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR