12 sığorta şirkətinin yığımları artıb

12 sığorta şirkətinin yığımları artıb
# 14 avqust 2015 08:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, şirkət 7 ay ərzində 43,6 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 35,9 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 29,9 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (24,6 mln. manat) və “Atəşgah Həyat Sığorta” (24,4 mln. manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 158 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (737 min manat), “Amrah Sığorta” (513 min manat), “Azərqarant” (137 min manat) və “Günay Sığorta” (50 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,44 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılan, bu ilin iyun ayında isə ləğv edilən “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandıran “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 30 mln. manatdan çox, 3 şirkətdə 20 mln. manatdan çox, 6 şirkətdə 10 mln. manatdan çox, 4 şirkətdə 5-10 mln. manat arasında, 6 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 2 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 12-də sığorta haqlarının artımı, 15-da isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR