SOCAR Sumqayıta press-tur təşkil edib

SOCAR Sumqayıta press-tur təşkil edib
# 13 aprel 2017 17:09 (UTC +04:00)

SOCAR Sumqayıta press-tur təşkil edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, məqsəd media nümayəndələrini SOCAR-ın Sumqayıtda həyata keçirdiyi layihələrin icrası ilə tanış etmək olub.

Jurnalistlər “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda olublar. Media nümayəndələri istehsalat sahələri və əsas qurğularla tanış olublar, aparılan yenidənqurma işləri haqqında onlara ətraflı məlumat verilib.

Sonra KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən qurğularla tanış olublar. Bildirilib ki, layihə üzrə işlərin ümumilikdə 60%-i başa çatıb. Layihə iki böyük qurğunun - polipropilen və yüksək sıxlıqlı polietilen qurğusunun inşa edilməsini və ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilenin istehsal olunmasını nəzərdə tutur. “SOCAR Polymer” layihəsi başa çatdıqdan sonra hazırda ölkəmizə idxal olunan bir çox istehlak malları Azərbaycan şirkətləri tərəfindən Sumqayıt Kimya Sənaye Parkında istehsal oluna biləcək.

Press-tur iştirakçıları Karbamid zavodunda da olublar. Burada qeyd edilib ki, zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Artıq beton-bünövrə işlərinin təxminən 92%-i və montaj işlərinin 66%-i tamamlanıb.

Press-tur Sumqayıt Kimya Sənaye Parkında yekunlaşıb. Bildirilib ki, Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək. Artıq Sənaye Parkının rezidenti olan “Azertexnolayn” zavodunun istehsal etdiyi məhsulun 50%-dən çoxu ixrac edilib. Sumqayıt Kimya Sənaye Parkında daha 5 müəssisə bu il, 2 müəssisə isə 2018-ci ildə fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR