Giləzi-Xızı-Fındığan avtomobil yolu yenidən qurulur

Giləzi-Xızı-Fındığan avtomobil yolu yenidən qurulur
# 12 mart 2018 11:39 (UTC +04:00)

Xızı rayonunun Giləzi–Xızı 34-cü km-dən Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə yenidənqurma işləri aparılır.

Agentlikdən “APA-Economics”ə veriən xəbərə görə, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 34-cü km-dən götürən, uzunluğu 5 km olan yerli əhəmiyyətli Fındığan yolu IV texniki dərəcəlidir.

Əvvəllər kənd yolu torpaq-çınqıl örtüklü olub. Kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı. Yolun yenidən qurulması ilə bu çətinlikləri artıq geridə qoyub.

Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə sol tərəfdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır. Yeni yol yatağının tikintisi bitə ərazilərdə optimal qum-çınqıl qarışığından istifadə edilərək isə yeni yol əsasının tikintisi də görülür.

Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 64 paqon-metr dəmir boruların, həmçinin müxtəlif diametrli 162 paqon-metr dəmir-beton boruların quraşdırılması işləri də görülüb.

Texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri bitəndən sonra asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yol boyu 30 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Layihəyə uyğun olaraq hərəkətin normal təşkili üçün yol boyu 2 yerdə avtobus dayanacağı tikiləcək, 23 ədəd yol nişanı və 200 ədəd siqnal dirəyi quraşdırılacaq.

Ümumilikdə, sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq. Bu isə kənd əhalisinin sosial rifah halına müsbət təsir göstərəcək.

AYDA rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR