Ombudsman 1 saylı Respublika Psixiatriya Xəstəxanasındakı xəstə sıxlığı ilə bağlı müraciət edib

Ombudsman 1 saylı Respublika Psixiatriya Xəstəxanasındakı xəstə sıxlığı ilə bağlı müraciət edib
# 08 avqust 2014 08:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - ApA. Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində və Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmə zamanı MPQ üzvləri 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər. Müəssisədə daha bir müasir standartlara cavab verən, yeni tikilmiş korpusun istifadəyə verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.

MPQ üzvləri həmin gün Müvəkkilə ünvanlanmış müraciətin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində olub, Müvəkkilə müraciət edən məhkumla, eyni zamanda müəssisənin cərimə təcridxanasında saxlanılan şəxslərlə görüşüblər. Qəbul edilmiş şəxslərlə konfidensial qaydada aparılan söhbət zamanı həmin şəxslər müəssisədəki saxlanılma şəraiti, rəftar və onlara göstərilən tibbi yardımın keyfiyyəti ilə bağlı şikayət etməyiblər. Müəssisənin cərimə təcridxanasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib.

MPQ üzvləri həmin gün 14-cü Polis bölməsində apardığı araşdırma zamanı polis bölməsində saxlanılan şəxs olmasa da, müvafiq qeydiyyat jurnalları və saxlanılma şəraiti öyrənilib.

Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasındakı mövcud xəstə sıxlığının aradan qaldırılması və Sabunçu RPİ-nin 14-cü Polis bölməsində saxlanma yerinin şəraitinin təkmilləşdirilməsi məqsədilə Ombudsman tərəfindən aidiyyəti orqanlara müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR