Azərbaycanın gömrük orqanları qanunsuz soyuq silahların ölkəmizə gətirilməsinin qarşısını alıb

Azərbaycanın gömrük orqanları qanunsuz soyuq silahların ölkəmizə gətirilməsinin qarşısını alıb
# 27 noyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların ölkəmizə gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə yenə də cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır.

Son zamanlar Bakı Baş Gömrük İdarəsinin və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli sayda bu kimi faktlar aşkarlanıb. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsinin həyata keçirdiyi tədbirlər nəticəsində xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla ölkəmizə gətirilməsinin qarşısı alınıb, bu ilin müvafiq dövrü ərzində müxtəlif vətəndaşlara göndərilən bağamalardan, ümumilikdə 27 ədəd beşbarmaq, 25 ədəd elektroşoker, 5 ədəd bıçaq, 4 ədəd dəyənək, 10 ədəd qaz balonları və 1 ədəd pnevmatik tüfəng, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində isə, ümumilikdə 29 ədəd beşbarmaq, 19 ədəd dəyənək, 9 ədəd bıçaq, 5 ədəd elektroşoker və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Xatırladaq ki, əvvəllər də DGK-nın müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınmış və Azərbaycanın qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə ətraflı məlumat verilib.

DGK-nın səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu “beşbarmaq” və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar Cinayət Məcəlləsi ilə cinayət məsuliyyəti nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR