Ədliyyə naziri Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb

Ədliyyə naziri Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb
# 23 oktyabr 2014 14:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujniyeks ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində bu günlərdə keçiriləcək İnsan hüquqları üzrə Avropa Konvensiyasının milli səviyyədə implementasiyasına dair beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, tədbirdə iştirak etmək üçün Avropa dövlətləri ali məhkəmələrinin, eləcə də Avropa Məhkəməsinin sədr və hakimlərinin, insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu alimlərin Azərbaycana səfərləri nəzərə alınaraq onların zəngin bilik və təcrübəsindən faydalanmaq üçün artıq azərbaycanlı hakimlər və prokurorlar üçün silsilə tədris tədbirlərinin keçirilməsinə başlanılıb.

Söhbət zamanı insan haqlarının qorunması, məhkəmə sisteminin inkişafı, Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi, Məhkəmənin qərarlarının icrası, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR