“Bank VTB (Azərbaycan)”ın “Əcəmi” filialının kredit portfeli 7 dəfə artıb

“Bank VTB (Azərbaycan)”ın “Əcəmi” filialının kredit portfeli 7 dəfə artıb
# 30 sentyabr 2014 14:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Fəaliyyət göstərdiyi üç il müddətində “Bank VTB (Azərbaycan)” ASC-nin “Əcəmi” filialının kredit portfelinin həcmi 34 mln. manatı ötüb.

Bankdan “APA_Economics”ə verilən məlumata görə, təkcə son bir il ərzində filialın məcmu kredit portfeli 45% artıb.

2011-ci il sentyabrın 30-da fəaliyyətə başlayan “Əcəmi” filialı “Bank VTB (Azərbaycan)”ın ilk filialıdır.

Məlumata əsasən, 2013-cü ilin əvvəlindən etibarən filialın fəaliyyətində sürətli inkişaf dinamikası müşahidə olunur. Belə ki, həmin dövrdən etibarən filialın müştəri bazası sürətlə genişlənib, filiala pərakəndə müştərilərin cəlb edilməsi istiqamətində yüksək nəticələr əldə edilib. Təkcə, son iki ildə filial kredit portfelinin 7 dəfə artmasına nail olub. Həmin dövr ərzində müştərilərin sayı 6 dəfə artıb və 4 min nəfərə çatıb. Nəticədə, pərakəndə kredit portfelinin həcmi 95% artaraq 33 mln. manata, kiçik biznes üçün kreditlərin həcmi isə 1,6 mln. manata çatıb.

“Bank VTB (Azərbaycan)”ın “Əcəmi” filialının fəaliyyətində əsas istiqamət pərakəndə müştərilərin cəlb olunmasıdır. Hazırda müştərilərimiz arasında ən çox müraciət edilən fiziki şəxslərə təqdim etdiyimiz nağd kreditlər və “Avtoekspress” adı altında təqdim olunan avtomobil kreditləridir. Eyni zamanda, filialımızın komandası kiçik biznes subyektlərinin də cəlb olunmasına xüsusi diqqət yetirir”, - deyə filialın direktoru Anar Zeynalov bildirib.

Qeyd edək ki, yaradılmasının üçilliyi ərəfəsində “Əcəmi” filialı yeni “İpoteka” məhsulunu təklif etməyə başlayıb və artıq bu məhsula əhali tərəfindən böyük maraq göstərilir. Yeni məhsulun daha da uğurlu tətbiqi üçün artıq tərəfdaş tikinti şirkəti ilə birlikdə yeni ev alıcılarının kreditləşdirilməsi istiqamətində fəal iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR