Qazaxın boşaldıldığı iddia edilən Cəfərli kəndindən XÜSUSİ REPORTAJ

Qazaxın boşaldıldığı iddia edilən Cəfərli kəndindən <span style="color: red;">XÜSUSİ REPORTAJ
# 04 avqust 2014 14:09 (UTC +04:00)

“Hazırda biz Qazaxın Cəfərli kəndindəyik. Bir neçə gün əvvəl bu kənddə güclü atışma olub. Ermənistanla sərhəddə yerləşən bu kənd güclü atışmaya məruz qalıb. Bəzi xəbər portallarında göstərilib ki, Cəfərli kəndindən artıq əhali köçməyə başlayıb. Ancaq kənddə olduğumuz müddətdə şahidi olduq ki, kənddə həyat öz axarı ilə davam edir”.

Qazaxın Cəfərli kəndi Ermənistanla ən yaxın kənddir. 1145 nəfər əhalisi olan kənd mütəmadi atəşə məruz qalır. Hər gün axşam saatlarında atışma aramsız olaraq bir neçə saat davam edir. Dolanışıqları əkinçilik və maldarlıqdan çıxan sakinlər gündəlik işləri ilə məşğul olmaqda çətinlik çəkirlər. Düşmən ordusu dinc əhalini atəşə tutmaqla onları qorxu altında saxlamağa çalışır . Ancaq sakinlər artıq bu vəziyyətə çoxdan alışdıqlarını deyirlər.

Kənd sakini Almara Yusifova vəziyyətin son 3-4 gündə gərginləşdiyini deyib: “3-4 gündür şiddətli atışma oldu. Kəndimizdə yaşayırıq, kənddən heç yerə çıxmırıq. Qorxumuz yoxdur. Heç yerə də çıxan deyilik”.

Digər sakin Əfqan Vəliyev isə deyir ki, ermənilər körpünün kənarında post qurublar: “Erməni körpünün qırağında post qurub. Oranı vururlar. Kəndimiz erməni mövqeləri ilə çox yaxındır. Bir aydır hər saat atırlar, indi kəndi vururlar. Evlərə düşən də var, maşına dəyən də”.

Bütün bu çətinliklərə baxmayaraq sakinlər öz evlərini tərk etmək haqqında düşünmürlər. Azərbaycan ordusunun gücünə inanan sakinlər özlərini təhlükəsiz hiss etdiklərini deyirlər.

Kənd sakini Barat Vəliyevin sözlərinə görə, bir aya yaxındır atəşkəs rejimi mütəmadi pozulur. Kəndimiz atəşə məruz qalır: “Buna baxmayaraq kənd sakinləri heç yerə getməyib. Saytlar yalan informasiyalar verir. Camaat əkin, biçinlə məşğul olur. Atışmalar əsasən gecələr olur.
Son zamanlar fəallaşdılar. Hələ belə şey olmamışdı. Gördüyünüz kimi kənd yerindədir. Heç bir təhlükə yoxdur. Ordumuz cavab atəşi ilə düşməni susdurur. Özünüz də görürsünüz ki, hamımız kənddəyik”.

Bu uşaqlar da güllə səsləri altında doğulub və böyüyürlər. Düşmənlə bir addımlıqda yaşamaları onları daha mübariz və cəsarətli edib. Kəndin keçmiş döyüşçüləri vəziyyət gərginləşdiyi zaman yaxınlıqdakı hərbi hissəyə müraciət edərək, əsgərlərə dəstək olmaq üçün silahlanmaq istədiklərini deyiblər. Komandanlıq isə onlara əsgərlərin düşmənə layiqincə cavab verdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR