Lerik. Ağəddin Babayev - APA. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bu gün Lerikdə vətəndaşları qəbul edib.
APA-nın cənub bürosunun məlumatına görə, Lerik Rayon Mədəniyyət Evində təşkil olunan qəbul zamanı Astara, Lənkəran və Lerik rayonlarının 50 nəfərə yaxın sakinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, işə bərpa, Lerik rayonunda gömrük məntəqəsinin tikilməsi, qonşu ölkədən gətirilən mallar və digər məsələlərlə bağlı olub. Komitə sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll olunması barədə tabeliyindəki müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Bir qisim müraciətlər isə baxılması üçün nəzarətə götürülüb.