Azərbaycan Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün Hökumətlərarası Komissiyanın yaradılmasını təklif edib

Azərbaycan Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün Hökumətlərarası Komissiyanın yaradılmasını təklif edib
# 22 sentyabr 2014 11:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Devid Livinqston ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev sentyabrın 20-də təməli qoyulmuş Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulayıb, neft-qaz sahəsində iri infrastruktur layihələrinin icrasında Böyük Britaniyanın xüsusi rolunu qeyd edib.

Ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Ş. Mustafayev Azərbaycanda Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini, hazırda Azərbaycanda 500 İngiltərə şirkətinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb, ölkələr arasında infrastruktur, İKT, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Nazir Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif edib.

D. Livinqston Azərbaycanın neft və qeyri-neft sektorlarının inkişafını, ÜDM-in sürətli artım tempini yüksək qiymətləndirib, hökumətlərarası birgə komissiyanın yaradılması təklifini dəstəklədiyini bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdıran D. Livinqston yaxın vaxtlarda Böyük Britaniyadan Azərbaycana biznes nümayəndə heyətinin gələcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR