Azərbaycan nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasına keçiriləcək seçkilərdə müşahidə aparmaq üçün bu ölkəyə səfər edib

Azərbaycan nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasına keçiriləcək seçkilərdə müşahidə aparmaq üçün bu ölkəyə səfər edib
# 31 oktyabr 2014 14:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, səfərdə əsas məqsəd noyabrın 4-də ABŞ Nümayəndələr Palatasına keçiriləcək seçkiləri müşahidə etməkdir.


Azərbaycan nümayəndə heyəti seçki ərəfəsində Vaşinqtonda bir sıra görüşlər keçirib. Görüşlərdə ABŞ-ın seçki qanunvericiliyi, seçki prosesi və səslərin sayılması üçün tətbiq olunan yeni texnologiyalar barədə geniş məlumat verilib. Açıq Dünya Liderlik Mərkəzinin icraçı direktoru, sabiq səfir Con O'Kif qonaqlara “Açıq Dünya” proqramı və onun təqdim etdiyi imkanlar barədə ətraflı danışıb.

Görüşdə çıxış edən Amerika Katolik Universitetinin professoru, elmlər doktoru Ceyms Kuerk bildirib ki, ABŞ-ın ştatlarında erkən səsvermə və poçt vasitəsilə səsvermə mümkündür: “Səsvermə prosesi hər bir ştata görə dəyişə bilər. Belə ki, seçki günündən əvvəl erkən səsvermə mümkündür. Erkən səsvermənin başlanma tarixi hər bir ştatın qanunvericilik orqanı tərəfindən təyin olunur. Bu, seçki günündən bir neçə gün əvvəl ola bilər və ştatlardan asılıdır”.

C. Kuerk qeyd edib ki, ABŞ-da seçkilər zamanı indiyədək heç bir saxtakarlıq aşkar edilmədiyi üçün bəzi ştatlarda şəxsiyyəti təsdiq edən heç bir sənəd olmadan da seçki məntəqəsinə gəlib səs vermək mümkündür: “Bəzi ştatlarda isə əsasən sürücülük vəsiqəsini təqdim etməklə səs vermək olar”.



Beynəlxalq Seçki Sistemləri Fondunun Qafqaz və Orta Asiya üzrə baş proqram meneceri Entoni Bouyer deyib ki, seçkilərdə Nümayəndələr Palatasına 435 nəfər, Senata isə 33 nəfər seçiləcək. O, səsvermə texnologiyaları barədə danışaraq kağız bülletenlərin bəzi ştatlarda kompüter səsverməsi ilə əvəzləndiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, bu, daha səmərəli üsul hesab olunur.

Vaşinqtonda keçirilən görüşlərdən sonra Azərbaycan nümayəndə heyəti seçkiləri müşahidə etmək məqsədilə Nebraska Ştatının Omaha şəhərinə yola düşüb.

Nümayəndə heyətinin tərkibində APA-nın əməkdaşı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR