İranlı nazir: “Prezident Ruhaninin səfəri zamanı neft-qaz nəqli, elektrik enerjisi sahələrində əməkdaşlığa dair sənədlər imzalanacaq” - MÜSAHİBƏ

İranlı nazir: “Prezident Ruhaninin səfəri zamanı neft-qaz nəqli, elektrik enerjisi sahələrində əməkdaşlığa dair sənədlər imzalanacaq” - <span style="color: red;">MÜSAHİBƏ
# 06 noyabr 2014 14:55 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycana səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin APA-ya müsahibəsini təqdim edirik.

– Bakıya səfərinizdə məqsəd və gözləntilər nədən ibarətdir?

– Bildiyiniz kimi, noyabrın 12-də İran prezidenti Həsən Ruhani Azərbaycana iki günlük səfər edəcək. Bizim səfərimiz çərçivəsində də məhz prezidentin səfəri zamanı imzalanacaq sənədlərin müzakirəsi və bəzi məsələlərin razılaşdırılması nəzərdə tutulub. Sənədlərin bir qismi Azərbaycan tərəfindən, bir qismi isə İran tərəfindən təklif olunub. Bunlardan bəziləri memorandum, bəziləri də müqavilədir. Artıq bir çox məqamlarla bağlı razılıq əldə olunub. Qalan məsələlər üzərində ekspert müzakirələri gedəcək. Həmçinin texniki məsələlər üzərində danışacağıq.

Bizim fikrimiz budur ki, təklif olunan bütün sənədlər prezidentlərin görüşündə imzalansın. Bu istiqamətdə ciddi fikir ayrılığı yoxdur. Sabah Bakı səfərimin sonunda bu məsələlər barəsində mətbuata geniş məlumat verəcəyəm.

Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə, eləcə də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşlərimiz gözlənilir.

- Müştərək hökumətlərarası komissiyanın həmsədrisiniz. Bu komissiyanın işini necə dəyərləndirmək olar?

- Çoxdandır müştərək komissiyanın iclası keçirilmirdi. Lakin son aylarda çox ciddi canlanma müşahidə olunur. Bu, bizim üçün sevindiricidir. Bir sıra qarşılıqlı səfərlər oldu, bundan sonra da bir neçə yüksək səviyyəli səfərlərin şahidi olacağıq. Məhz İran prezidenti Həsən Ruhaninin səfərini də müştərək komissiyanın işinin nəticəsi hesab etmək olar.

- Bakıya yaxın aylarda baş tutan ötən səfəriniz zamanı müştərək komissiyanın iclası çərçivəsində Anlaşma Memorandumu imzalanmışdı. Bu sənəddə nəzərdə tutulan müddəaların gerçəkləşməsi istiqamətində vəziyyət necədir?

- Müştərək komissiyanın Bakıdakı iclası çərçivəsində imzalanmış Anlaşma Memorandumunun bir çox bəndləri hal-hazırda dövlətlərarası müqavilələrə çevrilib. Bu baxımdan çox ciddi irəliləyişlər əldə etmişik. Gömrüklə bağlı bir sıra problemlər həll olundu, viza sahəsində çətinliklər aradan qalxdı, eləcə də informasiya-kommunikasiya sahəsində ciddi əməkdaşlığımız formalaşdı.

Həsən Ruhaninin səfəri ərəfəsində Azərbaycanla sərhəd zonalardan olan şirkətlər, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindən olan iş adamları və dövlət şirkətlərinin nümayəndələri İran Ticarət Palatasının nümayəndə heyəti ilə Bakıya gələcəklər. Azərbaycan və İranın özəl sektor nümayəndələri arasında da münasibətlər çox güclənib, bu istiqamətdə biz də dəstək verməyə, əlaqələrin inkişafına şərait yaratmağa çalışırıq.

- Enerji resursları sahəsində hansı sənədlərin imzalanması gözlənilir?

- İran və Azərbaycan enerji resurslarına görə fərqlənən ölkələrdəndir. Bu istiqamətdə bizim ciddi şəkildə əməkdaşlıq etmək niyyətimiz var. İmzalanacaq sənədlər arasında həm neft-qaz nəqli, həm də elektrik enerjisi sahəsində əməkdaşlığa dair sənədlər olacaq. Lakin bu barədə hələ tam detallı danışa bilmərəm. Onu deyim ki, çox mühüm məsələlərdə əməkdaşlığımızın formalaşması və inkişafı planlaşdırılıb. Enerji resursları da belə mühüm məsələlərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR