Müsavat başqanın müavini Ədliyyə Nazirliyinə müraciətə görə ADR rəhbərliyini ittiham edib

Müsavat başqanın müavini Ədliyyə Nazirliyinə müraciətə görə ADR rəhbərliyini ittiham edib
# 20 avqust 2015 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının qurultayının nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə edilən şikayət xarakterli müraciətdə təxminən 12-13 nəfərin imzası var. Müraciət Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini, departament rəisi, məclis üzvləri səviyyəsində hazırlanıb”.

Bunu APA-ya Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyib. O, şikayətlə bağlı Ədliyyə Nazirliyində ona müəyyən suallar verildiyini bildirib: “Məni nazirliyə dəvət etdilər, müəyyən suallar verdilər. Mən də bunun şifahi deyil, yazılı şəkildə aparılmasını dedim. Bildirdim ki, hansısa sualları varsa, Müsavat Partiyasına yazılı şəkildə müraciət etsinlər, o şəkildə də cavablandırılsın. Hələki belə müraciət olmayıb”.

E. Fəttah şikayətə görə Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbərliyini ittiham edib: “Ötən il Müsavat Partiyasının qurultayının nəticələrinə dair sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Nazirlik də partiya ilə bağlı reyster qeydiyyatını başa çatdırmışdı. İndi nazirliyə müraciət edən insanların bundan əvvəl də mətbuatda şikayət xarakterli açıqlamaları dərc olunmuşdu. Bizə əvvəlcədən bəlli idi ki, ADR Müsavata qarşı yaradılan hərəkatdır. Qənaətim ondan ibarətdir ki, bu, təşkil olunmuş məsələdir”.

ADR sədrinin müavini Vurğun Əyyub isə APA-ya deyib ki, o, belə bir müraciətə imza atmasa da, hüquqları pozulan partiya üzvlərinə hörmətlə yanaşır. Onun sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyi günahı ADR-də yox, başqa yerdə axtarmalıdır: “Müraciət edən şəxslər qurultayın nəticələrindən narazıdırlar və hesab edirlər ki, onların hüquqları tapdanıb. Mən heç kəsə deyə bilmərəm ki, sən öz hüququnu niyə müdafiə edirsən?! Bu baxımdan, mən buna hörmətlə yanaşıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR