Azərbaycan Milli Elmlər Akademiyası ilə Türk Akademiyası arasında memorandum imzalanıb - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türk Akademiyası arasında memorandum imzalanıb  - <span style="color: red;">FOTO
# 13 iyun 2014 14:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətində qazaxıstanlı həmkarı – Türk Akademiyasının (TA) prezidenti, akademik Darxan Kıdıralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə iki təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Görüş zamanı tərəflər əməkdaşlığı davam etdirmək, təhsil və beynəlmiləlləşmə, həmçinin elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində imkanları müzakirə ediblər.

Sonra AMEA ilə TA arasında memorandum imzalanıb. Sənəddə elmi layihələrə dəstək, müştərək konfrans və simpoziumların təşkili, işçi qruplarının yaradılması, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi, həmçinin elmi texniki sənədlərin mübadiləsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri Türkologiya sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır. 5 il müddətinə imzalanan sənəddə nəzərdə tutulan məsələlərin həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər Bakıda və Astanada illik iclas keçirəcəklər. Əməkdaşlıq zamanı əldə ediləcək nəticələrin dörd il sonra müzakirə olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR