İran XİN rəhbəri: “Yekun razılaşma əldə olunmasa, əvvəlki siyasətimizə qayıdacağıq”

İran XİN rəhbəri: “Yekun razılaşma əldə olunmasa, əvvəlki siyasətimizə qayıdacağıq”
# 23 iyun 2014 11:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin müvəffəqiyyətlə başa çatması üçün iyulun 20-dək səy göstərəcəyik. Əgər əvvəlcədən müəyyənləşdirilmiş bu tarixə qədər yekun razılaşma təmin edilməzsə, Cenevrə razılaşmasına uyğun olaraq qərar veriləcək”.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu fikirləri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında Vyanada yekun razılaşma əldə olunmayacağı təqdirdə, tərəflər əvvəlki siyasətlərinə dönə biləcək: “Təbii ki, İran da bu haqqını istifadə edəcək. İranın nüvə məsələsinin həlli dünyada sülhə və təhlükəsizliyə yardımçı olacaq. Ona görə də nüvə müzakirələri bir oyun deyil. Müddət yekunlaşanda nüvə müzakirələrinin müvəffəqiyyətli olub-olmadığı dəqiqləşəcək”.

M.C.Zərif deyib ki, “altılıq” ölkələri acgözlükdən imtina etməlidir: “Çünki yalnız belə olan təqdirdə yekun razılaşmanın əldə olunması mümkün olacaq. İran xalqının haqlarını təqibini yenə davam etdirəcəyik. Biz müzakirələrdə ciddilik olması və həddindən artıq istəklərin irəli sürülməsindən qaçılması halında yekun razılaşmanın təmininin mümkün olduğuna inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR