Azərbaycanda Ümumdünya kitab və müəlliflik hüququ günü və Beynəlxalq əqli mülkiyyət günü ilə bağlı tədbir keçiriləcək

Azərbaycanda Ümumdünya kitab və müəlliflik hüququ günü və Beynəlxalq əqli mülkiyyət günü ilə bağlı tədbir keçiriləcək
# 21 aprel 2014 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Müəllif Hüquqları Agentliyi UNESCO-nun elan etdiyi 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən elan edilmiş 26 aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətlə tədbirlər keçiriləcək. MHA-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda birinci konfrans aprelin 23-də keçiriləcək. Tədbirdə MHA sədri Kamran İmanovun, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Baş elmi işçisi İlhami Cəfərsoyun, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədovun, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları və Konfliktologiya İnstitutunun Elmi işçisi Elşad Əlilinin erməni saxtakarlıqlarını ifşa edən məruzələri dinlənəcək, mövzu ətrafında müzakirələr olacaq.

Aprelin 26-da - “Beynəlxalq Əqli Mülkiyyət Günü”ndə keçirilməsi planlaşdırılan “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans isə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil ounacaq. Tədbir Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıqda keçiriləcək.

Qeyd olunan tədbirlərdə dövlət orqanlarının əməkdaşları, millət vəkilləri, tanınmış elm xadimləri, mütəxəssislər, müəlliflər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR